Azərbaycanda sənədsiz evlər də qazlaşdırılacaq

Azərbaycanda sənədsiz evlər də qazlaşdırılacaq
# 27 may 2011 12:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qanunsuz tikilən fərdi evlərin qazlaşdırılmasına icazə verilib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İB-nin Layihə-smeta və ekspertiza şöbəsinin rəisi Harun Vahabov bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl dövlət başçısının qanunsuz tikililərlə bağlı verdiyi tapşırıqlardan sonra «Azəriqaz»ın rəhbərliyi tərəfindən bu məsələdə vətəndaşların xeyrinə addım atılması qərara alınıb: «Bildiyimiz kimi, hazırda Bakıda və respublikanın digər ərazisində qanunsuz tikilmiş və ya sənədləşdirilməmiş külli miqdarda evlər var. «Azəriqaz»ın rəhbərliyi tərəfindən göstəriş oldu ki, mülkiyyət sənədi olmayan fərdi yaşayış evləri də qazlaşdırılsın».

Şöbə rəisinin sözlərinə görə, belə evlərin sakinləri qazlaşma üçün müraciət edəndə yerli idarəetmə orqanından, yəni bələdiyyədən arayış gətirməli olacaqlar: “Yəni arayışda yazılmalıdır ki, vətəndaş həqiqətən öz hesabına filan kənddə tikdiyi fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edir”.

Şöbə müdiri etiraf edib ki, qanunla belə tikililərin qazlaşdırılması üçün müraciət qəbul olunmamalıdır, amma «Azəriqaz»in rəhbərliyi tərəfindən göstəriş verilib ki, məsələlər vətəndaşların xeyrinə həll olunsun.

Qeyd edək ki, fərdi evlərin bu üsulla qazlaşdırılmasına ötən ildən başlanıb. İndiyədək təqribən 25 min fərdi yaşayış bu üsulla qazlaşdırılıb. Ümumilikdə isə qanuna görə, fərdi evlərin qazlaşdırılması artıq bir ildir ki, «bir pəncərə» sistemi ilə həyata keçirilir və əhali tərəfindən razılıqla qarşılanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR