“Azərenerji”: Novruz bayramı günlərində enerji problemi olmayacaq

“Azərenerji”: Novruz bayramı günlərində enerji problemi olmayacaq
# 13 mart 2012 14:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Adi günlərə nisbətən bayram günlərində elektrik enerjisinə olan tələbatın artmasına baxmayaraq, “Azərenerji” ASC-yə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir. Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumat verilib.

«Bayram günlərində ölkənin enerji təchizatı müəssisələri əhalinin tələbatına uyğun elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib və bütün imkanlar səfərbər edilib» - deyə məlumatda bildirilir.

Novruz bayramı üçün nəzərdə tutulan 7 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərəcək. Eyni zamanda həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərinin aparılması nəzərdə tutulmur.

ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsinin məlumatına görə, istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Tədbirlər planına uyğun olaraq istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün Regional Enerji Təchizatı Şəbəkəsi müəssisələri bu ayın 16-dan başlayaraq gücləndirilmiş iş rejiminə keçəcəklər. Plan çərçivəsində əlavə mal-material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb, bu briqadalar nəqliyyatla təmin olunub.

ASC istehlakçılara müraciət edərək onları yarana biləcək hər hansı bir problemlər haqqında “186 - Qaynar xətt”ə məlumat verməyə çağırıb. «Yaradılmış operativ qruplar vasitəsilə yaranmış qüsurun dərhal aradan qaldırılması mümkün olacaqdır» - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR