Vyanada İranla AEBA arasında görüş keçiriləcək

Vyanada İranla AEBA arasında görüş keçiriləcək
# 04 iyun 2012 13:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinin yığıncağı öz işinə başlayıb.

APA-nın məlumatına görə, təşkilata üzv 35 ölkənin qatıldığı toplantının açılışında AEBA-nın icraçı direktoru Yukiya Amano çıxış edərək, mayın 21-də İrana rəsmi səfəri haqda iştirakçılara ətraflı bilgi verib: “İranla agentlik arasında bir sənədin imzalanmasından razı qaldıq”.

O, İranla AEBA arasında iyunun 8-də Vyanada rəsmi görüş keçirilməsinin planlaşdırıldığını da bildirib. Eyni zamanda Y.Amano İran rəhbərliyini mübahisəli nüvə proqramının hərbi məqsəd daşıyıb-daşımaması ilə bağlı iddialara aydınlıq gətirməsi üçün AEBA ilə şəffaf əməkdaşlıq etməyə çağırıb: “İranın nüvə proqramının sülh məqsədli olduğunu sübut edə bilməsi üçün hər şeyi agentliyə bildirməsi lazımdır”.

Qeyd edək ki, iclasın iyunun 8-dək davam edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR