ARDNŞ İsveçrədə yanacaqdoldurma məntəqələri şəbəkəsinin alınması üzrə vəsaitləri ödəməyə başlayıb

ARDNŞ İsveçrədə yanacaqdoldurma məntəqələri şəbəkəsinin alınması üzrə vəsaitləri ödəməyə başlayıb
# 05 iyun 2012 09:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) İsveçrədə yanacaqdoldurma məntəqələri şəbəkəsinin alınması layihəsinin dəyəri 330 mln. dollar təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bəyan edib.

Onun sözlərinə görə, bunun 30 mln. dolları artıq ödənilib, 200 mln. dolları şirkət tərəfindən buraxılan avrobondların yerləşdirilməsindən əldə edilən vəsaitlər hesabına bu yaxınlarda köçürüləcək. Qalan 100 mln. dolları isə ARDNŞ-ın daxili imkanları hesabına ödəniləcək.

Layihə çərçivəsində qarşıdakı 6 ay ərzində yeni şirkətin rebrendinqi həyata keçiriləcək və şirkət “SOCAR” brendi altında işləməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev bu layihə barədə danışarkən bildirib ki, bu işlər yüksək səviyyədə hazırlanır və azərbaycanlı mütəxəssislər artıq orada işə cəlb olunub: “Bu yaxşı layihədir və bunu çox böyük şirkətlər əldə etmək istəyirdi. Biz bunu aşağı qiymətə almışıq və bazarda yeni oyunçu olmağımızın da buna müsbət təsiri olub. Sonradan burada əldə etdiyimiz müsbət təcrübəni digər layihələrdə də tətbiq edə bilərik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR