Sumqayıt kimyaçıları ARDNŞ-ın «Ekoloji park»ında olublar

Sumqayıt kimyaçıları ARDNŞ-ın «Ekoloji park»ında olublar
# 06 iyun 2012 16:36 (UTC +04:00)
Bakı - APA-Economics. 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü münasibətilə Sumqayıtın kimya müəssisələrində keçirilmiş silsilə tədbirlər “Azərikimya” İB-nin akt zalında təşkil olunmuş geniş toplantı ilə başa çatıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, kimyaçıların böyük bir qrupu 5 iyun tədbirləri çərçivəsində ARDNŞ-ın Qala qəsəbəsi ərazisindəki «Ekoloji park»ına ekskursiya edib.

Kimyaçılar 10 hektara qədər böyük bir ərazini tutan bu unikal parkda yaradılmış Ekomərkəzi, yeraltı su anbarlarını, süni arx və gölləri maraqla seyr ediblər. Parkda salınmış 5 min m2 sahəyə malik və 3 şöbədən, həmçinin dekorativ bitkilər oranjereyasından ibarət şitilxana ekskursiya iştirakçılarına xoş təsir bağışlayıb. Bu istixanadan Abşeron yarımadasında nəsli kəsilməkdə olan nadir kol və ağac bitkilərinin, o cümlədən Eldar şamı, ağ şam, həmişəyaşıl sərv, Lənkəran akasiyası və digər ağaclardan ibarət estetik kolleksiyanın yaradılması işləri üçün istifadə olunur.

Abşeronda ekologiyanın qorunması məqsədilə nümunə kimi parkda elektrik enerjisi təchizatının alternativ enerji mənbələri hesabına ödənilməsi üçün quraşdırılmış ekoloji cəhətdən təmiz olan külək generatorları və günəş batareyaları da ekskursiyaya gələnlərdə böyük maraq doğurub.

«Azərikimya» İB-nin əməkdaşları həmçinin parkın Ekoloji Tədris Mərkəzinin akt zalında xüsusi təşkil olunmuş ekoloji maarifləndirmə tədbirində iştirak ediblər. Orada iştirakçılara Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihələr barədə maraqlı məlumatlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR