“Cənub dəhlizi”nin növbəti fazasının başlanması 2025-ci ildə gözlənilir

“Cənub dəhlizi”nin növbəti fazasının başlanması 2025-ci ildə gözlənilir
# 07 iyun 2012 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Cənub dəhlizi”nin növbəti fazası 2025-ci ildə başlaya bilər.

APA-Economics”in xəbərinə görə, bunu XIX Xəzər Neft-Qaz Konfransında çıxış edən ARDNŞ prezidentinin müşaviri Murad Heydərov bildirib.

Onun sözlərinə görə, yeni fazanın başlaması üçün yeni təchizat marşrutlarına və xətlərə ehtiyac olacaq.

M.Heydərov qeyd edib ki, hazırda “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq Azərbaycan qazının Avropaya çatdırılması üzrə iki varianta baxılır. Bunlardan biri Türkiyənin “Botash” şirkətinin qaz infrastrukturundan istifadə, digəri isə yeni kəmərin tikintisidir: “Kəmər tikilərsə və daha sonra genişləndirilərsə, Mərkəzi Asiya ölkələri də ondan istifadə edə bilər”.

Qeyd edək ki, «Cənub dəhlizi»nə TAP, TGI (Türkiyə, Yunanıstan, İtaliya) və «Nabucco» layihələri daxildir. TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il lazım olacağı təqdirdə, kəmərin inşasına 2013-cü ildə başlanacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi qiyməti təxminən 1,5 mlrd. avro təşkil edir. Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

Xatırladaq ki, «Şahdəniz» yatağın ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir və hazırda «Şahdəniz» yatağında hasilat 4 quyudan aparılır, gündəlik hasilat isə 15 mln. kubmetr təşkil edir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR