ARDNŞ-da xarici universitetlərə qəbul olmuş tələbələrlə görüş keçirilib

ARDNŞ-da xarici universitetlərə qəbul olmuş tələbələrlə görüş keçirilib
# 13 iyun 2012 15:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda ARDNŞ-ın maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almaq üçün müraciət etmiş 20 tələbənin namizədliyi müzakirə olunub.

Görüşdə 2012-2013-cü tədris ili üçün Böyük Britaniya, Hollandiya və Norveçin nüfuzlu universitetlərinə qəbul olmuş tələbələr Komissiya üzvlərinin suallarını cavablandırıb, həmin ixtisaslar üzrə oxumaq istəklərini əsaslandırıblar.

Daha sonra ARDNŞ Təqaüd Proqramı üzrə dünyanın ən nüfuzlu universitetlərindən olan Fransa Neft İnstitutu (IFP) və Böyük Britaniyanın Edinburq Universitetində iqtisadiyyat ixtisas qrupu üzrə təhsilini başa vurmuş 2 məzunun (1 bakalavr, 1 magistr) hesabat xarakterli təqdimatları dinlənilib. Onlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, bu günədək ARDNŞ-ın Təqaüd Proqramına 172 nəfər cəlb olunub. Hazırda onlardan 90 nəfəri təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. 82 nəfər isə təhsilini başa vuraraq geri qayıdıb, ARDNŞ-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR