Enerjili gələcək - İCMAL

Enerjili gələcək - <font color=red>İCMAL</font>
# 25 iyun 2012 11:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son onilliklər dünyada ətraf mühitin çirklənmə səviyyəsinin artması və atmosferin istilik balansının pozulması qlobal iqlim dəyişməsinə gətirib çıxarıb. Bunun nəticəsində müşahidə olunan qlobal istiləşmənin əsas səbəblərindən biri də atmosferə ənənəvi yanacağın istifadəsi zamanı atılan zəhərli maddələrdir. Bu, həmçinin dünyada ənənəvi enerji qıtlığı və yanacaq resurslarının məhdudiyyəti problemləri alternativ və bərpa olunan enerjidən istifadənin genişləndirilməsinin vacibliyini aktuallaşdırır. Belə ki, sözügedən enerji ekoloji baxımdan təhlükəsiz, bərpa olunan, sərfəli və demək olar ki, məhdudiyyətsizdir. Eyni zamanda, 2007-ci ilin sonunda neftin qiymətinin kəskin artması alternativ energetika sahəsinə müsbət təsir göstərib – bir çox neft idxalçısı olan ölkələr maliyyə böhranı dövründə məhz qeyri-ənənəvi enerjiyə üz tutaraq günəş, külək, su və s. alternativ mənbələrdən istifadəni artırıb, bu sahənin inkişafına yanaşmanı daha da ciddiləşdirib.

İqtisadiyyatını əsasən neft və qaz hasilatı hesabına inkişaf etdirən Azərbaycan son illər alternativ enerji mənbəyinə ciddi maraq göstərir. Karbohidrogen ehtiyatları kifayət qədər olsa da, ölkə hökuməti onun illər keçdikcə tükənəcəyini və ətraf mühiti təmiz saxlamağın vacibliyini anlayır. Məhz bu səbəbdən dövlət başçısı tərəfindən alternativ və bərpa olunan enerji sahəsinin Azərbaycanda inkişafı istiqamətində müvafiq sərəncamlar və dövlət proqramı təsdiqlənib, o cümlədən Sənaye və Energetika Nazirliyi nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Bunlardan icrasına 2004-cü ildə başlanılmış Azərbaycanda alternativ enerji haqqında proqramı, 2012-2020-ci illəri əhatə edən Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında sərəncamı xüsusi qeyd etmək olar. Bu sahədə geniş təcrübəyə malik yerli və beynəlxalq şirkətləri cəlb etməklə, ölkədəki mövcud alternativ və bərpa olunan enerji potensialından istifadəyə dair Dövlət Strategiyasının layihəsini Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə hazırlayır. Strategiya hazırlanarkən ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi istehsalı üzrə 2012-2020-ci illər üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi, bu sahənin normativ-hüquqi bazasının yaradılması, qeyri-ənənəvi enerji mənbələrindən istifadəyə dair stimullaşdırıcı tədbirlərin görülməsi, daxili və beynəlxalq elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin təmin edilməsi nəzərdə tutulub. Strategiya layihəsinin hazırlanması üçün artıq Prezidentin Ehtiyat Fondundan 1 mln. manat ayrılıb.

Ümumiyyətlə, son illər ərzində Azərbaycan bu sahənin inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atıb və yaxın gələcəkdə əlavə olaraq bir sıra işlər həyata keçiriləcək. Belə ki, bu ilin aprel ayında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda «Azgüntex» zavodu inşa edilərək istifadəyə verilib. Zavodda iki istehsal xətti - günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan günəş modulları xətti artıq istifadəyə tam hazırdır. Müəssisədə hər birinin gücü 42 Vt-dan 250 Vt-dək olan və 60 fotoelementlə təchiz edilən bu panellər beynəlxalq standartlar səviyyəsində hazırlanacaq və sabit enerji verəcək. Yaşayış binaları, küçələr, meydanlar, müxtəlif iaşə və sosial obyektlərin daha səmərəli işıqlandırılması və enerji təminatının yaxşılaşdırılması üçün zavodda yüksək texnologiyalı LED lampalarının istehsalı da nəzərdə tutulur. Belə ki, əsasən yaşayış binaları üçün nəzərdə tutulan «Min ev - min elektrostansiya» layihəsi hər bir evin müstəqil şəkildə günəş enerjisini elektrik enerjisinə çevirən, ekoloji cəhətdən təmiz və təhlükəsiz kiçik elektrik stansiyası ilə təchizinə yönəlib. Artıq qalan enerji şəbəkəyə ötürüləcək, gecə saatlarında isə şəbəkədən alınacaq. İlk mərhələdə yığcam şəkildə salınan qəsəbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə daha da genişləndirilməsi imkanları böyükdür. Körpülər, ticarət obyektləri üzərində də günəş panellərinin qurulması, enerjidoldurma məntəqələrinin inşası da mühüm əhəmiyyət kəsb edən layihələrdəndir. Onu da qeyd etmək olar ki, dünya praktikasında artıq günəş batareyaları ilə işləyən avtomobil və təyyarələr istehsal olunur.

Eyni zamanda, bu ilin sentyabr ayında Azərbaycanda Qobustan Alternativ Enerji üzrə Təcrübə-Sınaq Mərkəzi də tam istifadəyə veriləcək. Hazırda poliqonun layihə gücü 5,5 MVt-dır. Bunun 2,7 MVt-ı külək enerjisi, 1,8 MVt-ı günəş panelləri, 1 MVt-ı isə bioqaz və biokütlədən əldə olunan enerjinin payına düşür. Əsas məqsəd – ilk növbədə Qobustanın rayon mərkəzini, daha sonra isə bütün rayon ərazisini bərpa olunan enerji ilə təmin etməkdir. Hazırda poliqonda inzibati binaların enerji təminatı günəş panelləri hesabına həyata keçirilir. Sentyabr ayında poliqon tam istifadəyə verildikdən sonra rayonun mərkəz hissəsi alternativ enerji ilə təmin ediləcək. Hazırda Qobustan rayonunda pik saatlarda istifadə olunan enerji 1,5 MVt təşkil edir. Cəmi rayon üzrə isə bu göstərici 4 MVt-dır. Perspektivdə dördüncü külək turbini quraşdırıldıqdan sonra poliqonun istehsal gücü 8 MVt-a çatacaq. Bu isə bütövlükdə Qobustan rayonunu bərpa olunan enerji ilə tam təmin etməyə, həmçinin əlavə enerji satışına şərait yaradacaq.
Bərpa olunan alternativ enerjinin əhaliyə 6 qəpikdən satılacağı nəzərdə tutulur və ümumiyyətlə, bu proses dövlətin tarif siyasətinə uyğun həyata keçiriləcək.

Bundan başqa, Dövlət Agentliyi tərəfindən Sumqayıtda Yüksək Texnologiyalar Parkı da yaradılacaq ki, ümumilikdə parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Parkın ərazisində yaradılacaq optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım olan avadanlığın ölkədə istehsalına şərait yaradacaq. Bu, həm tələb olunan avadanlığın daha ucuz başa gəlməsinə, həm də onların tətbiqinin xeyli asanlaşmasına imkan verəcək. Həmçinin, parkın ərazisində LED lampalarının istehsalının təşkili nəzərdə tutulur.

Eyni zamanda, 2012-ci ilin noyabr ayında Samux rayonunda bioqaz kompleksinin təməlqoyma mərasimi keçiriləcək ki, bundan 2 il sonra bu kompleks istifadəyə veriləcək. Kompleksin nəzdində heyvandarlıq təsərrüfatı yaradılacaq və gübrələrdən alternativ enerji alınacağı nəzərdə tutulur. Ümumiyyətlə, bioqaz enerjisi etibarlı və iqtisadi baxımdan çox faydalıdır. Heyvandarlıq, bitkiçilik, qida sənayesi və s. tullantılardan alınan bioqaz kiçik təbii qaz yatağına bənzəyir. Belə ki, burada illik bioqaz hasilatının həcmi 1-20 mln. kubmetr təşkil edə bilər. Yəni, burada inşa edilən elektrik stansiyasının gücü 300 kVt-dan 10 MVt-dək ola bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda məişət tullantılarının emalı zavodları inşa edilir. Məsələn, artıq bu ilin sentyabr ayında Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodu istifadəyə veriləcək ki, zavodun fəaliyyəti nəticəsində 500 min ton məişət və 10 min ton tibbi tullantılar utilizasiya olunacaq və bunun nəticəsində 230 mln. kVt/saat elektrik enerjisi istehsal ediləcək. Digər analoji zavod Sumqayıtda inşa olunacaq və müəssisənin illik emal gücü 146 min ton təşkil edəcək.

Bununla yanaşı, cari ildə Azərbaycanda ümumi gücü 11,7 MVt olan 8 kiçik su elektrik stansiyasının (SES) istifadəyə verilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, Azərbaycanda 2004-2013-cü illəri əhatə edən alternativ və bərpa olunan enerji mənbələrinin istifadə olunması üzrə Dövlət Proqramı mövcuddur. Təkcə 2009-2011-ci illərdə bu sahənin inkişafına dövlət tərəfindən 30,4 mln. manat, həmçinin 11,7 mln. avrodan artıq qrant ayrılıb.

Eyni zamanda, Azərbaycanda alternativ enerji mənbələrindən yaşayış binalarında da istifadə olunur. Məsələn, Bakıda icra olunan «Bakı Ağ Şəhər» layihəsi çərçivəsində yaşıllıq işlərinin aparılması və alternativ enerjinin alınması üçün gündəlik gücü 144,1 kVt olan günəş batareyalarının quraşdırılması nəzərdə tutulur. Həmçinin, Bakı qəsəbələrində özəl yaşayış evlərində əhalinin günəş panellərindən istifadəsini müşahidə etmək mümkündür.

Hökumətin proqnozlarına əsasən, 2020-ci ilədək ölkədə istehsal olunan ümumi enerjidə alternativ enerjinin payı 20%-ə çatdırılacaq. Halbuki, ilkin olaraq bu göstərici 10% səviyyəsində proqnozlaşdırılırdı. Eyni zamanda, ölkədə 2015-2020-ci illərdə ümumi enerji istehsalında külək enerjisinin payının 50%-dən 32%-ə düşəcəyi proqnozlaşdırılır ki, bunun da əsas səbəbi perspektivdə günəş enerjisinin payının daha da artması ilə bağlıdır. Belə ki, 2015-2020-ci illərdə günəş enerjisinin ümumi enerji istehlakında çəkisinin 10%-dən 13%-ə, bioenerjinin isə 20%-dən 24%-ə çatacağı gözlənilir.

Onu da qeyd edək ki, hazırda bir çox ölkə alternativ enerji sahəsində öz siyasətini ümumi enerjidə istehsalın 20%-nin məhz bu sahənin üzərinə düşməsini hədəf kimi götürüb. Bu istiqamətdə atılan addımlardan biridə alternativ və bərpa olunan enerji sahəsinə investisiyanın yatırılmasıdır.
Məsələn, Avropa İttifaqı 2020-ci ilədək bərpa olunan enerji mənbələrinin istifadəsinə görə yatırılan investisiyaların həcminin 2 dəfə artıraraq 70 mlrd. dollara çatdırmaq niyyətindədir və bu dövrədək bərpa olunan enerji mənbələrindən istifadə zamanı istixana qazlarının və enerji istehlakının 20% azalacağı proqnozlaşdırılır.

Buna baxmayaraq, bir sıra Avropa ölkəsi 2020-ci ilədək enerji tələbatının 30-40%-nin, bəziləri isə 2030-cu il üçün tələbatın 100%-nin alternativ mənbələr hesabına ödənilməsini məqsəd qoyub. Bu hesabla həmin vaxt Azərbaycanda alternativ enerji mənbələri hesabına 2 min MVt enerji istehsal olunacağı gözlənilir. Yəni, Azərbaycan bu sahədə heç də Avropadan geri qalmır, hətta bəzi region ölkələrini qabaqlayır. Lakin Azərbaycan hökuməti sözügedən sahənin inkişafında Avropanın buraxdığı bəzi səhvləri təkrarlamaq istəmir. Belə ki, Avropa ölkələri bu sahədə yüksək tariflərdən və çox böyük subsidiyalardan istifadə edib. Azərbaycanda isə alternativ enerjinin nisbətən ucuz olması nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan bu sahədə sahibkarların da yaxından iştirak etməsi üçün müvafiq güzəştlər nəzərdə tutub. Məsələn, sahibkarların 10 il müddətinə vergilərdən azad edilməsi, subsidiyaların ayrılması və s. yeniliklər tətbiq oluna bilər. Digər tərəfdən özəl sektorun bu sahədə iştirakına şərait yaratmaq üçün Azərbaycanda alternativ mənbələrdən alınan enerji üçün tariflər də hazırlanacaq. Avropada mənbəyindən və yerindən asılı olaraq alternativ enerji üçün tariflər 1 kVt/saat üçün 10-50 avrosent təşkil edir.

Bundan başqa, ölkə ərazisində alternativ enerji mənbələrinin effektivliyini və hansı ərazidə hansı mənbədən istifadə etməyin daha səmərəli olduğunu müəyyənləşdirmək üçün Alternativ Enerji Kadastrı yaradılacaq. Bunun üçün ölkənin 21 regionunda təqribən 200-ə yaxın müşahidə stansiyası yerləşdiriləcək. Kadastrın iki ilə yaradılması planlaşdırılır.

Eyni zamanda, hazırda ölkədə «Alternativ enerji haqqında» və «Bərpa olunan enerji mənbələrindən istifadə haqqında» qanun layihələri hazırlanıb ki, bu sənədlər təsdiqləndikdən sonra ölkədəki sahibkarlıq subyektləri və fərdi təsərrüfatlar alternativ enerjidən geniş istifadə edə biləcək.

Onu da qeyd edək ki, 2012-ci ilin iyunun 1-də Azərbaycan prezidenti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında fərman imzalayıb. Yeni dövlət şirkəti eyni adlı Dövlət Agentliyinin əsasında yaradılacaq.

Göründüyü kimi, bu sahənin inkişafı Azərbaycana mövcud karbohidrogen ehtiyatlarından daha qənaətlə istifadə etmək imkanı verəcək. Ölkə əhalisinin ilbəil artdığını və ənənəvi yanacaqla işləyən stansiyaların tikintisi üçün yerin artıq çətin tapıldığını nəzərə alsaq, alternativ enerji stansiyalarının qurulması və bununla da əhali və ətraf mühitə ziyanın minimuma endirilməsi məsələsi də aktuallaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR