TANAP kəmərinin gücü iki dəfə artırılacaq

TANAP kəmərinin gücü iki dəfə artırılacaq
# 27 iyun 2012 06:43 (UTC +04:00)
Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. ARDNŞ-in İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyev «APA-Economics»in Türkiyəyə ezam olunmuş müxbirinə bildirib ki, kəmərin ölçülərinin belə seçilməsi gələcəkdə onun gücünün tədricən artırılmasına imkan verəcək: «Nəticədə, gələcəkdə kəmərin gücünün artırılması barədə qərar veriləndə bu yalnız kompressor stansiyalarının gücü və sayının artırılması hesabına həyata keçiriləcək».

Belə ki, layihə 4 mərhələdə həyata keçiriləcək. Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.

Qeyd edək ki, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, sonrakı mərhələlərdə Türkiyəyə çatan qazın həcmi ölkənin ehtiyaclarından asılı olaraq artırıla bilər.

TANAP layihəsinin reallaşması nəticəsində ARDNŞ-in Türkiyəyə yatırdığı investisiyaların həcmi 17 mlrd. dollara çatacaq. Bunu TANAP-la bağlı sənədlərin imzalanması zamanı ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, bu layihənin reallaşması nəticəsində Türkiyə sənayesinə ən çox investisiya yatıran şirkət ARDNŞ, ən böyük ölkə isə Azərbaycan olacaq. R.Abdullayev layihənin uğurla reallaşdırılacağını bildirib: «TANAP layihəsinin vaxtında və heç bir problem yaranmadan tamamlanacağına heç kimin şübhəsi olmasın».

Hazırda TANAP-ın reallaşması ilə bağlı hazırlıq işləri başlanıb və layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır, növbəti addım olaraq onun maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsi və maliyyə institutları ilə danışıqların aparılması planlaşdırılır. TANAP layihəsinin işə düşməsi «Şahdəniz-II» layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.

Qeyd edək ki, «Şahdəniz-II» layihəsi çərçivəsində hasil olunacaq təbii qazın nəqlini təmin etmək üçün Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin (Səngəçaldan tutmuş Gürcüstan-Türkiyə sərhədinədək hissə) buraxılış gücünün artırılması da nəzərdə tutulur.

V.Əliyev bildirib ki, «Nabucco» layihəsinin səhmdarları son aylarda yaranmış reallıqları nəzərə alaraq öz layihələrinin qısaldılmasını nəzərdə tutan yeni «West Nabucco» variantını qəbul ediblər. Hazırda «Nabucco» səhmdarları bu layihənin gücünün də TANAP-a uyğunlaşdırılması üzərində müzakirələr aparırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR