“Şahdəniz” qazını Avropa ixrac edəcək kəmərin seçimi “Nabucco” və TAP layihələri arasında aparılacaq

“Şahdəniz” qazını Avropa ixrac edəcək kəmərin seçimi “Nabucco” və TAP layihələri arasında aparılacaq
# 28 iyun 2012 12:36 (UTC +04:00)
APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, bu barədə “Neftekompass” qəzeti Qafqazın neft-qaz dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, BP və tərəfdaşlarının seçimi Azərbaycandan Avropaya təbii qazın nəqli üçün Cənub-Şərqi Avropa (SEEP) qaz kəməri layihəsi üzərində deyil, “Nabucco West” layihəsi üzərində olub. Bundan sonrakı mərhələdə “Nabucco West” kəməri “Şahdəniz” qazının ixracı hüququ uğrunda Trans-Adriatik (TAP) boru kəməri layihəsi ilə rəqabət aparmalı olacaq. bununla bağlı yekun seçim isə 2013-cü ilin ortalarında olacaq.

“BP-Azərbaycan” şirkətindən bu məlumatı şərh etmək istəməyiblər. Şirkətin mətbuat katibi Tamam Bayatlı “APA-Economics”ə bildirib ki, boru kəmərinin seçimi ilə bağlı rəsmi açıqlama verilməyib.

“Nabucco” konsorsiumu da bu məlumatı nə təsdiq, nə də təkzib edib. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, bununla bağlı rəsmi məlumat açıqlanmayınca, “Nabucco” bu məlumatı təsdiqləyə bilməz.

İyunun 27-də ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, bu günlərdə “Şahdəniz” konsorsiumu yataqdan hasil olunacaq təbii qaz həcmlərini Mərkəzi Avropaya nəql edəcək boru kəmərləri arasında seçim edəcək.

Qeyd edək ki, 1999-cu ildə kəşf edilən “Şahdəniz” yatağı 1,2 trln. kubmetr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 25 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. “Şahdəniz” yatağını özünün “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişindəki (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir. HPBS-in tərəfləri BP (operator - 25,5%), “Statoil” (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), “LUKoil” (10%), “Naftiran Intertrade Co.” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.

Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında Türkiyənin “BOTAŞ” şirkəti və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanıb - bunların hamısı Azərbaycan və Türkiyə tərəfindən imzalanmış hökumətlərarası saziş çərçivəsindədir. Həmin tarixdən bəri Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans-Anadolu (TANAP) boru kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər imzalanıb. Qazın Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir ki, bunlar İtaliya marşrutu olan Trans-Adriatik (TAP) boru kəməri, Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq “Nabucco” və qazı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa (SEEP) boru kəməridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR