Reynhard Mitçek: “TAP layihəsi ilə müqayisədə “Nabucco West” bir sıra üstünlüklərə malikdir”

Reynhard Mitçek: “TAP layihəsi ilə müqayisədə “Nabucco West” bir sıra üstünlüklərə malikdir”
# 29 iyun 2012 12:34 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “Nabucco” konsorsiumunun icraçı direktoru Reynhard Mitçek bildirib.

“Şahdəniz” konsorsiumu tərəfindən Azərbaycan qazının Avropaya ixrac marşrutu kimi “Nabucco West” layihəsinin seçilməsini alqışlayan R.Mitçek layihə ilə bağlı bütün təklifləri may ayının ortalarında təqdim etdiklərini söyləyib.

“Nabucco West” və TAP layihələrinin şansları ilə bağlı sualı cavablandıran R.Mitçek üstünlüyü “Nabucco” layihəsinə verib: “TAP layihəsi ilə müqayisədə “Nabucco West” bir sıra üstünlüklərə malikdir. Çünki “Nabucco” daha sabit və etibarlı çərçivələrə malikdir. Layihənin hüquqi bazasını təşkil edən sazişlərdə bir sıra ölkələrin hökumətləri onu dəstəklədiklərini bəyan ediblər. “Nabucco” qazı konkret maliyyə bazarına deyil, bütün Avropaya nəql etmək imkanı verir”.

R.Mitçek Avropanın bir sıra bazarlarının layihəyə qoşulmaqda maraqlı olacağını istisna etməyib: “Bu məsələ yay-payız aylarında aydınlaşacaq. “Nabucco West” layihəsinin mümkün dəyərinə gəlincə, “Nabucco” konsorsiumu layihənin investisiya dəyərini müəyyənləşdirdikdən sonra bu suala cavab vermək mümkün olacaq”.

Qeyd edək ki, 1999-cu ildə kəşf edilən “Şahdəniz” yatağı 1,2 trln. kubmetr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 25 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. “Şahdəniz” yatağını özünün “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişindəki (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir. HPBS-in iştirakçıları BP (operator - 25,5%), “Statoil” (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), “LUKoil” (10%), “Naftiran Intertrade Co.” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.

2011-ci ilin oktyabr ayında Türkiyənin “BOTAŞ” şirkəti və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanıb - bunların hamısı Azərbaycan və Türkiyə tərəfindən imzalanmış hökumətlərarası saziş çərçivəsindədir. Həmin tarixdən bəri Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans-Anadolu (TANAP) boru kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər imzalanıb. Hazırda qazın Avropaya daşınması üçün iki variant nəzərdən keçirilir ki, bunlar İtaliya marşrutu olan Trans-Adriatik (TAP) boru kəməri və Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq “Nabucco” kəməridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR