Azərbaycan qızıl hasilatını 33% azaldıb

Azərbaycan qızıl hasilatını 33% azaldıb
# 29 iyun 2012 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda 515,8 kq qızıl hasil edilib ki, bu da 2011-ci ilin analoji dövrünə nisbətən 32,6% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 341,6 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-may aylarına nisbətən 50,1% azdır.

Cari ilin iyun ayının 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 46,7 kq, gümüşün isə 32,3 kq olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-may aylarında ölkədə 857,4 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2011-ci ilin analoji ayları ilə müqayisədə bu göstərici 40,8% azalıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Ümumiyyətlə, ölkədə qızıl hasilatı Azərbaycan hökuməti ilə «R.V.Investment Group Services» şirkəti (Böyük Britaniya) arasında «Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» imzalanmış saziş əsasında aparılır.

Qeyd edək ki, 2011-ci ilin sonunda Azərbaycan Mərkəzi Bankında saxlancda olan Azərbaycana məxsus qızılın miqdarı 16 512,9 troya unsiyasına (513,6 kq) bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR