Rusiya və Yaponiya  sülh müqaviləsi üçün yeni yanaşma axtaracaq

Rusiya və Yaponiya  sülh müqaviləsi üçün yeni yanaşma axtaracaq
# 09 may 2016 09:45 (UTC +04:00)

Bakı-APA. Yaponiya və Rusiya sülh müqaviləsi danışıqları üzrə yeni yanaşma axtarmaq barədə razılığa gəlib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə bir neçə gün əvvəl Yaponiya baş naziri Sindzo Abe və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşü şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa bəyan edib.

Yaponiya mətbuatı Sindzo Abenin V. Putinlə görüşdə sülh danışıqları ilə paralel olaraq iki ölkə arasında iqtisadi əməkdaşlıqla əlaqədar 8 bənddən ibarət plan irəli sürdüyünü yazıb. Y. Suqa deyib ki, danışıqlarda irəliləyişə nail olmaq üçün danışıqlar köhnə ideyalar deyil, yeni yanaşma əsasında davam etdiriləcək. Y. Suqa bu dəfə danışıqlarda iki dövlətin fikirlərinin deyil, qlobal nöqteyi-nəzərin də diqqətə alınacağını qeyd edib. Bu yanaşmaya əsasən iyun ayında Tokioda Rusiya və Yaponiya arasında sülh müqaviləsi ilə bağlı məsləhətləşmələrin növbəti raundu keçiriləcək. Bununla belə, Y. Suqa Yaponiya hökumətinin Kuril adalarının – İturup, Kunaşir, Şikotan və Xabomai adalarının qaytarılması, daha sonra sülh müqaviləsinin bağlanması barədə əvvəlki mövqeyinin dəyişmədiyini vurğulayıb.

Qeyd edək ki, Yaponiyaya məxsus olmuş bu adalar İkinci Dünya Müharibəsində SSRİ tərəfindən alınıb və İkinci Dünya Müharibəsindən sonra aparılan danışıqlara baxmayaraq, SSRİ ilə Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb. Yaponiya adaların geri qaytarılmasını, daha sonra sülh müqaviləsinin imzalanmasını istəyib. SSRİ-nin parçalanmasından sonra isə Rusiya və Yaponiya arasında sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir. Rusiya adalardan ikisinin qaytarılmasına razı olsa da, Yaponiya adaların hamısının qaytarılmasını, daha sonra sülh müqaviləsinin bağlanılmasını zəruri sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR