AÇG-də dərin laylardan qazın hasilatı gələn il başlanıla bilər

AÇG-də dərin laylardan qazın hasilatı gələn il başlanıla bilər
# 09 fevral 2024 11:46 (UTC +04:00)

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqları blokunda (AÇG) dərin laylardan qaz hasilatına 2025-ci ilin əvvəllərində başlanıla bilər.

Bunu "APA-Economics"ə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim Oliri (Jim O'Leary) deyib.

Onun sözlərinə görə, AÇG-də dərin laylardan qaz hasilatının həyata keçirilməsi planları çərçivəsində ilk hasilat quyusunun qazılmasına bu ilin ikinci yarısında başlamaq planlaşdırılır.

Cim Oliri əlavə edib ki, ötən il qeyd olunan layihə çərçivəsində qiymətləndirmə quyusunun qazılması uğurla başa çatdırılıb.

"Monitorinq aparmaq üçün quyunun ağzına xüsusi avadanlıq quraşdırıb və bunun sayəsində uğurlu məlumat əldə edə etmək mümkün olub", - BP nümayəndəsi qeyd edib

Onun sözlərinə görə, alınan məlumatlar əsasında hasilat quyusunun qazılmasına qərar verilib.

Cim Oliri onu da vurğulayıb ki, ilk hasilat quyusunun uğurlu olduğu təqdirdə şirkət ilk qazın gələn ilin əvvəlində çıxarılacağını gözləyir.

Qeyd etmək lazımdır ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması başlanılıb, aprel ayında quyu tamamlanıb.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR