Kiyevdə Milli Qvardiya və radikallar arasında toqquşmalar olub

Kiyevdə Milli Qvardiya və radikallar arasında toqquşmalar olub
# 20 fevral 2016 18:58 (UTC +04:00)

Bakı-APA. Kiyevin Müstəqillik meydanında Milli Qvardiyanın əməkdaşları və “Radikal Sağ Sektor” hərəkatının nümayəndələri arasında toqquşmalar baş verib. APA-nın “Strana.ua”ya istinadən verdiyi xəbərə görə, radikallar meydanda gecələmək məqsədilə ərazidə çadırlar qurmağa cəhd ediblər. Lakin asayiş keşikçiləri “canlı sədd” quraraq, onlara meydanın mərkəzinə keçməyə mane olublar. Bu zaman Milli Qvardiyanın əməkdaşları və radikallar arasında qarşıdurma baş verib. Məlumata görə, toqquşmada hər iki tərəfdən 150-dək şəxs iştirak edib.

Qeyd edək ki, bu arada “Kazatski” otelində qərargah qurmuş radikal sağçı qüvvələrin nümayəndələri hökumətə öz tələblərini irəli sürüblər.

Məlumata görə, radikallar tərtib etdikləri siyahıda adları çəkilən siyasi məhbusların azadlığa buraxılmasını, meydanda çadır şəhərciyinin qurulmasına mane olmamağı tələb ediblər.

Qərargah nümayəndələri, həmçinin, prezident və hökumətin istefasını tələb edirlər. Onlar sabah, fevralın 21-də, meydanda “xalq toplantısı”nın keçiriləcəyini elan ediblər.

Qeyd edək ki, Kiyevin mərkəzində 2014-cü ilin 18-20 fevral tarixlərində Meydanda həlak olan etirazçıların xatirəsinə həsr olunmuş anım tədbirləri təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR