Futbolçu Cavid Hüseynov Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə ifadə verib - YENİLƏNİB

Futbolçu Cavid Hüseynov Rasim Əliyevin ölümü ilə bağlı məhkəmədə ifadə verib - <span style="color: red;">YENİLƏNİB
# 26 yanvar 2016 09:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə şahid qismində Cavid Hüseynov ifadə verib.

Cavid Hüseynov bildirib ki, Elşən İsmayılov onun bibisi oğludur, təqsirləndirilən digər şəxsləri isə tanımır: “Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Mən də ona dedim ki, fikir vermə. Gördüm, Elşən çox əsəbidir. Elşən bildirdi ki, Rasimlə danışıb, aralarında konflikt olub. Mən də Rasimin telefon nömrəsini alıb onunla danışdım. Rasimə bildirdim ki, etdiyim hərəkət əxlaqsız hərəkət deyil. O da məni başa düşdü, üzr istədi. Mən də ona bildirim ki, məndən üzr istəməyə ehtiyac yoxdur, lakin yazdığın statusda bu məsələyə aydınlıq gətirsən, yaxşı olar. Çünki yazılanları hər kəs oxuyur. Sonra Elşənə dedim ki, məsələ bitib, boş ver. Elşənə bildirdim ki, Rasim status yazıb üzr istəyəcək. Elşən də onun üzr istəməsini gözlədiyini söylədi. Elşən də gözləyib görüb Rasim üzr istəməyib, onu görüşə çağırıb. Elşən mənə dedi ki, Rasim anama söyüb, bu şəxsi məsələdir. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, görüşüblər. Elşən dedi ki, Rasimə bir təpik vurub, o da durub qaçıb. Sonra eşitdim ki, yazırlar Cavidin qohumları Rasimi döyüb, o da xəstəxanaya yerləşdirilib. Mən də adım hallandığı üçün Rasimin yanına getdim. Rasim dedi ki, telefonunu, pul qabını oğurlayıblar. Elşənə zəng edib soruşdum, o, götürmədiyini bildirdi. Bir gün sonra isə Rasimin vəfat etdiyini eşitdim. Onda Elşənə dedim ki, get polisə təslim ol, hər şeyi olduğu kimi danış və vəkil tut. Mən Rasimin öləcəyini gözləmirdim. Ağlıma gəlsəydi ki, belə bir hadisə baş verə bilər, Rasimi başqa xəstəxanaya aparardım”.

Daha sonra prosesdə şahid Ramil İmranov və Nihad Abbasov ifadə veriblər. R. İmranov bildirib ki, hadisə baş verən zaman yaxınlıqda olub: “Dostumla söhbət edirdik. Birdən kiminsə dalaşdığını gördük. Biz yaxınlaşanda Rasim durub maşına tərəf, təqsirləndirilən şəxslər də əks istiqamətə qaçdılar. Onlardan heç kimi tanımıram. Rasimin maşınının açarları, qəpikləri yerə düşmüşdü. Aparıb özünə verdik, maşına minib getdi”.

N. Abbasov isə Elşən İsmayılovun dayısı oğlu olduğunu, Elşənin Rasim Əliyevin ölməsini eşidəndə peşman olduğunu bildirib.


Proses fevralın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR