Bakı – APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan 4 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Fonddan APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı şagirdlər qarşılayıblar.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yeni inşa olunan məktəb barədə məlumat verib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binasının tikintisinə 2015-ci ilin oktyabrında başlanılıb. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa olunan təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər.
Üçmərtəbəli 800 yerlik məktəbdə Azərbaycan və rus bölmələrində 646 şagird təhsil alır.
Məktəbdə bufet və ümumi sahəsi 600 kvadratmetr olan idman zalı da yaradılıb. Təhsil ocağının 360 yerlik akt zalı müasir səviyyədə qurulub.
Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Son 11 ildə bu layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində 420-dək məktəb binası inşa olunub və yenidən qurulub.
Sonda xatirə şəkli çəkdirilib.