Xorvatiya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - YENİLƏNİB

Xorvatiya prezidentinin şərəfinə rəsmi ziyafət verilib - <span style="color: red;">YENİLƏNİB
# 24 oktyabr 2016 20:30 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafət verilib.

APA-nın məlumatına görə, dövlət başçıları ziyafətdə çıxış ediblər.

Xorvatiya prezidentini bir daha salamlayan prezident İlham Əliyev bu gün baş tutan görüş və müzakirələrə toxunub: “Hesab edirəm ki, qarşılıqlı marağımızda olan bütün məsələləri, o cümlədən ikitərəfli siyasi əlaqələri, regional təhlükəsizliyi, Avropa İttifaqı ilə əməkdaşlığımıza dair məsələləri, iqtisadi əməkdaşlığı əhatə etdik. Əlbəttə ki, sabah biznes forumun açılışı olacaq. Orada iqtisadi əməkdaşlığın perspektivləri daha geniş müzakirə ediləcək. Həmçinin mədəniyyət, idman sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik və bizim baxışlarımız üst-üstə düşür. Görüşümüzdə qeyd etdiyim kimi, biz regional təhlükəsizlik məsələlərinə eyni yanaşmanı tətbiq edirik, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq aparırıq və bu səfər əlbəttə ki, bizim yaxın əlaqələrimizin yaxşı göstəricisidir”.

Dövlət başçısı xatırladıb ki, üç il bundan əvvəl iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq üzrə mühüm sənəd imzalanıb: “Bizim ortaq məqsədlərimiz var. Biz istəyirik ki, ölkələrimiz inkişaf etsin. Biz ölkələrimizin daxilində və ətrafında təhlükəsizliyin təmin olunmasını və regionlarımız arasında əməkdaşlığın gücləndirilməsi üçün atacağımız addımları müəyyənləşdirmək istəyirik. Balkanlarda, Avropada, Qafqazda, Xəzər regionunda ticarət, sərmayə qoyuluşu, enerji sahələrində çoxlu imkanlar var və bunlar bizim müzakirələrimizin və əməkdaşlığımızın vacib bir hissəsidir. Əlbəttə ki, biz yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək. Çünki Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək. Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq”.

Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını bildirib: “ Bu gün çox yaxşı danışıqlarımız oldu. Biz çoxlu məsələləri əhatə etdik. Dediyim kimi, mən bir çox məsələlərlə bağlı sabahkı biznes forumu səbirsizliklə gözləyirəm. Çünki bizim mükəmməl siyasi əlaqələrimiz var. Lakin hesab edirəm ki, biz hər iki ölkənin xalqları və biznes qurumları arasında əlaqələri daha da inkişaf etdirmək üçün bundan da çox səy göstərə bilərik. Hesab edirəm ki, sabahdan etibarən biz hər iki ölkənin biznes qurumlarının bir-biri ilə daha da yaxından işləməsi üçün möhkəm zəmin yaradacağıq”.

Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya Azərbaycanı Qafqaz regionunda və eyni zamanda, Avropa, Avratlantika və qlobal təhlükəsizlik məsələləri üzrə önəmli tərəfdaş hesab edir: “Biz Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün sizin göstərdiyiniz səylərə dəstək olmağa davam edəcəyik. Hamımız sülh razılaşmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Minsk qrupunun fəaliyyətinə əsaslanacağına ümid edirik. Biz, həmçinin Avropa İttifaqında da sizin yanınızda olacağıq. Sizi yenə də əmin etmək istəyirəm ki, həm NATO-da, həm də Avropa İttifaqında dostunuz var. Biz strateji tərəfdaşlıq razılaşmasının məqsədyönlü və həqiqətən də strateji olması üçün fəal çalışacağıq. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq razılaşması üzrə Zaqreb Bəyannaməsinə gəldikdə isə, düşünürəm ki, gələcəkdə birgə komissiyalar və ya başqa qurumlar vasitəsilə əsasını qoyduğumuz dostluq və tərəfdaşlıq çərçivəsinə önəm vermək üçün hər iki ölkənin hökumətinin bir-biri ilə daha da yaxından çalışmasını təmin edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR