Oktyabrın 28-də Berlində fəaliyyət göstərən Azərbaycan Evində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edib.
O, Azərbaycanın 25 illik müstəqillik yolundan, Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və qüdrətlənməsi uğrunda mübarizəsindən, ölkəmizdə siyasi sabitlik və davamlı inkişafın əsasını qoymasından danışıb. Səfir ümummilli liderin həyata keçirdiyi daxili və xarici siyasətin hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, ölkəmizin qazandığı nailiyyətlərdən danışıb.
Səfir çıxışında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, bir milyon qaçqın və məcburi köçkünün hüquqlarının bu günədək pozulması faktlarını vurğulayıb. Dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunması üçün səylərini davam etdirdiyini bildirib.
Tədbirdə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru Heydər Mirzə çıxış edib, Azərbaycanın müstəqillik illərinin çətinliklərindən, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində onların aradan qaldırılmasına nail olunmasından, ölkəmizin bugünkü inkişafından danışıb.
Tədbirə Alman-Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova aparıcılıq edib.