Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsinda təbii qaz Türkiyə və Avropa bazarlarına yönəldilə bilər.
"APA-Economics" xəbər verir ki, bu barədə Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı "Total Energies-Azerbaijan" şirkətinin baş direktoru Emmanuel de Quillebon bildirib.
Onun sözlərinə görə, hazırda yataqda hasil olunan qaz daxili bazarda satılır, lakin layihənin növbəti mərhələsində həcmlərin artacağını nəzərə alaraq, İxrac üçün Türkiyə və Avropa bazarlarına baxılır.
Şirkət nümayəndəsi onu da bildirib ki, qeyd olunan bazarlarda tələbatın olub olmaması sual altında deyil, əsas məsələ, qazın lazımi bazarları çatdırılması və nəqlidir.
Emmanuel de Quillebon əlavə edib ki, bu prosesin (qaz ixracının təşkili -red.) mövcud infrastrukturun hazırki imkanları hesabına və ya gənişləndirilməsi vasitəsilə təşkil olunacağı müzakirə olunur.
Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Onu da əlavə etmək lazımdır ki, yataqda illik hasilatı 1,5 mlrd. kubmetrdən 6 mlrd. kubmetrədək artırmaq planlaşdırılır.
Xatırladaq ki, bu ilin avqustunda SOCAR, "TotalEnergies" və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30%-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35% təşkil edəcək.