Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qazaxıstanın sübut olunmuş neft ehtiyatları təxminən 5,5 milyard ton, qaz ehtiyatları isə 3 trilyon kub metr həcmində qiymətləndirilir. İldə təxminən 33,6 mlrd. kubmetr qaz, 80 milyon ton neft istehsal edən və bu qədər karbohidrogen ehtiyatlarına malik Qazaxıstanın ixracla bağlı BTC istisna olmaqla, hazırda müstəqil, etibarlı və təhlükəsiz transmillli marşrut qarantiyası yoxdur.
"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.
Nazirin sözlərinə görə, Tengiz-Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou neft kəməri və Xəzər Kəmər Konsorsiumu kimi ixrac dəhlizlərinin imkanları isə gələcəkdə xeyli dərəcədə artması proqnozlaşdıran ixrac potensialını qarşılamaq üçün kifayət deyildir: "Bu marşrutların buraxıcılıq qabiliyyətini və çatdırılacaq təchizat həcmlərini nəzərə alaraq, rəsmi Astana əsas diqqətini Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində cəmləmişdir. Bu nəqliyyat sisteminə əsasən, uzunluğu 739 km olan Eskene-Kirik-Bakı neft kəmərinin inşası planlaşdırılır. Eskene-Kirik neft kəmərinin texniki-iqtisadi əsaslandırılması "Tengiz" yatağında qabaqcıl neftvuran stansiyanın, Tengiz - Opornıy Uzel - Aktau magistral neft kəmərinin, Kirik neft terminalının və yeni limanın tikintisini, həmçinin Aktau limanının yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur. Bu kəmərin inşası Qazaxıstana öz neftini həm Gürcüstana, həm də Türkiyə limanlarına ixrac etmək imkanı verə bilər. Yeni kəmərin illik ixrac gücünün ilkin mərhələdə 23-25 mln. ton, gələcəkdə isə 56 mln. tona çatdırılması nəzərdə tutulub".
N. Əliyev əlavə edib ki, Qazaxıstan üçün şaxələndirilmiş ixrac sisteminin yaradılmasına həyati əhəmiyyət qazandıran digər mühüm bir amil isə Krım problemindən sonra Rusiyanın üzləşdiyi sanksiyaların enerji sektorunu da təhdid etməsidir. "Öz neftinin böyük hissəsini Xəzər Boru Kəməri Konsorsiumu və Atırau-Samara boru kəmərləri ilə Rusiya ərazisi vasitəsilə dünya bazarına nəql edən Qazaxıstan iqtisadi sanksiyaların mümkün zərbələrindən xilas olmaq üçün bu prosesi sürətləndirməyə çalışır. Bu gün ölkələrin enerji təhlükəsizliyini yüksək səviyyədə təmin etməyin və müstəqil enerji siyasəti yürütməyin başlıca şərtinin enerji daşıyıcılarının nəqli marşrutlarının diversifikasiyasından ibarət olduğunu Qazaxıstan da qəbul edir və Çin, İran vasitəsilə alternativ ixrac imkanlarını araşdırır. Xəzər neftinin Rusiyadan yan keçməklə Çinə nəqlini nəzərdə tutan "Transqazax neft və qaz" layihəsinin hazırlanması da elə bu məqsədə xidmət edir. Lakin Rusiya ilə yanaşı, ABŞ-ın da narahatlıqla qarşıladığı bu layihə şaxələndirmə siyasətində bir o qədər də uğurlu variant kimi qəbul edilmir", - deyə nazir qeyd edib.
SAAT 11:08
Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qazaxıstan son 40 ildə dünyanın kəşf edilmiş ən nəhəng yataqları sırasında dayanan və ehtiyatları təqribən 3 mlrd. ton həcmində qiymətləndirilən "Kaşaqan" yatağında hasilata hazırlaşır. Qazaxıstan neftinin Avropa bazarlarına nəql edilməsi üçün əsas mənbə Xəzər dənizinin Qazax sektorunda yerləşən məhz bu yataq hesab edilir.
"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.
Nazir qeyd edib ki, "Kaşaqan" yatağının işə salınmasından sonra, hasil olunacaq nefti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərindən istifadə nəzərdə tutulur: "BTC-nin səhmdarı kimi bu kəmərdə 15 faizlik iştirak payına malik olan dörd şirkət (ENİ, INPEX, Conoco Phillips və Total) Qazaxıstanın "Kaşaqan" yatağında da fəaliyyət göstərir. Bu, o deməkdir ki, şirkətlər boru kəməri (boru kəmərinin layihə üzrə nəql gücü sutkada 1 mln. barel neft təşkil edir) ilə sutkada təqribən 150 min barel neft nəql edə biləcəklər. Bundan başqa, Qazaxıstanın cənub ərazilərində və Xəzərin bu ölkəyə aid sektorunda aparılan geoloji-kəşfiyyat işləri nəticəsində aşkarlanan, ehtiyatları isə 6-9 milyard barel həcmində qiymətləndirilən "Tengiz" yatağının işlənməsi üzrə operator - ABŞ-ın "Chevron Texaco" şirkəti 2008-ci ildən etibarən bu yatağın neftinin BTC vasitəsilə Aralıq dənizinin bazarlarına çatdırılmasına nail olub. Beləliklə, BTC həm "Kaşaqan", həm də "Tengiz" yatağının timsalında hələ uzun müddət Qazaxıstan üçün öz əhəmiyyətini qoruyub saxlayacaq".