İcazəsiz tikililərin enerji təchizatı şəbəkəsinə qoşulmasına dair qadağa yeni qanuna daxil edilir

İcazəsiz tikililərin enerji təchizatı şəbəkəsinə qoşulmasına dair qadağa yeni qanuna daxil edilir
# 13 dekabr 2023 13:04 (UTC +04:00)

Dekabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

APA-nın xəbərinə görə, komitənin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

İclasda bildirilib ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 may 2023-cü il tarixli qanuna əsasən 2023-cü il oktyabrın 1-dən etibarən qanuni əsaslar olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilib. Buraya həm tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən, həm də barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilən tikinti obyektləri daxildir.

2023-cü il aprelin 11-də isə yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2024-cü ildən qüvvəyə minəcəkdir. Həmin qanunun qüvvəyə minməsi ilə əlaqədar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 1998-ci il 3 aprel tarixli 459-IQ nömrəli Qanunu ləğv edilir.

Bu səbəbdən müvafiq tənzimləyici normanın olduğu kimi 2023-cü il 11 aprel tarixli “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi (keçirilməsi) zərurəti yaranıb. Bununla da həmin tənzimləyici normanın 2024-cü il yanvarın 1-dən sonra da qüvvədə olması təmin ediləcəkdir.

Qeyd edilib ki, analoji norma qaz və su təchizatı sistemlərinə qoşulmaya münasibətdə də mövcuddur.

Çıxış edən komitə üzvləri Fatma Yıldırım, Afət Həsənova, Məşhur Məmmədov və İltizam Yusifov qanun layihəsinin əhəmiyyətindən danışıblar.

Sonra “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR