Moskva. Fərid Əkbərov - APA. Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın “Dostluq” ordenini görkəmli bəstəkar, SSSR-i xalq artisti Murad Kajlayevə təqdim edib.
Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, yubiley tədbirində ordeni M. Kajlayevə təqdim edən səfir Polad Bülbüloğlu Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Məktubda qeyd olunur ki, M. Kajlayevin ailəsi Azərbaycanın elm, təhsil, səhiyyə və mədəniyyətinin inkişafına dəyərli töhfə vermiş Bakı ziyalısı nəslinə aiddir. Azərbaycanın dövlət mükafatını qəbul edən M. Kajlayev onun fəaliyyətinə verilmiş bu yüksək qiymətə görə dərin təşəkkürünü bildirib. O, ilk dəfə Bakıda professional səhnəyə çıxaraq müəllifi olduğu əsərini ifa etdiyini yada salıb.
P. Bülbüloğlu M. Kajlayevin rəhbəri olduğu xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbini də ziyarət edib. Burada səfir şagirdlər üçün yaradılmış şəraitlə tanış olub, ona məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında və musiqi sənəti sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə görkəmli bəstəkar, SSSR-i xalq artisti M. Kajlayevi “Dostluq” ordeni ilə təltif edib.