Bakı. Cavid Zeynallı – APA. “Azanfilm” cizgi filmləri studiyası “Mənim ideyam var!” cizgi filmləri üçün qısa və orijinal süjetlər müsabiqəsi elan edib. Studiyadan APA-ya verilən məlumata görə, müsabiqə “Azanfilm” studiyasının yeni inkişaf planına uyğun olaraq animasiya sahəsinə gənc yaradıcı qüvvələrin cəlb olunması, kiçik yaşlı tamaşaçılarda vizual zövqün formalaşdırılması, milli dəyərlərin təbliği məqsədilə keçirilir. Qalib süjetlər əsasında çoxseriyalı cizgi filmlərin istehsalı nəzərdə tutulur.
Şərtlərə görə, cizgi filmləri üçün süjetlər orijinal ola, və ya xalq nağıllarının, əfsanə və dastanların motivləri əsasında işlənə bilər. Süjetlər yanvarın 15-dən aprelin 1-dək qəbul olunur. Qaliblərin adları mayın 1-dək elan olunacaq.
Bir müəllif istənilən sayda süjet təqdim edə bilər. Münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə cavab verən işlər arasından seçilmiş ən yaxşı süjet müəlliflərinin hər biri 500 manat məbləğində mükafatlandırılacaq.