Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Teyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək, cinayət işinin ibtidai istintaqa qaytarılması istəyiblər. Vəkillər ittihamın əsassız olduğunu deyiblər.
Zərərçəkmiş şəxsin nümayəndəsi isə vəsatət verərək, Teyminə Abdullayeva barəsində olan heç yerə getməmək bağlı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib, baxış iclası mayın 10-a təyin edilib.
Qeyd edək ki, T. Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilməyib. T. Abdulllayeva barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.
T. Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahda olarkən aldıqları yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata başqasının adına keçirərək, ona 890 min manat məbləğində ziyan vurub.