Vergi daxilolmaları ilə bağlı proqnoz 400 mln. manat artırılıb

Vergi daxilolmaları ilə bağlı proqnoz 400 mln. manat artırılıb
# 17 fevral 2016 11:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 10 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşəcək. "APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.

Bu, təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan 408 mln. manat və ya 6,2% çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 mln. manat və ya 1,5% azdır. Proqnozlaşdırılan daxilolmaların 23%-i və ya 1610 mln. manatı neft sektorunun, 77%-i və ya 5400 mln. manatı qeyri-neft sektorunun payına düşür. Proqnozlaşdırılan əlavə vergi daxilolmaları bütövlükdə qeyri-neft sektorunun payına düşür.

Qeyd edək ki, vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan daxilolmalar 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 588 mln. manat və ya 12,2%, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə 370,7 mln. manat və ya 7,4% çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmalarının məbləğinin artmasına səbəblərdən biri manatın yeni məzənnəsinin təsirinin nəzərə alınması olub.

Xatırladaq ki, 2016-cı ilin təsdiqlənmiş dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6,602 mlrd. manat proqnozlaşdırılmışdı.

Onu da qeyd edək ki, maliyyə naziri Samir Şərifov bu ilin yanvarın 28-də bildirib ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan təxminən 200 mln. manat az olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR