"Bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə biz bir sıra vacib məsələləri müzakirə etdik. Gündəlikdə olan məsələlər çoxdur. Biz investisiya qoyuluşundan turizm məsələlərinədək müzakirə etdik". APA-nın Tbilisi bürosunun məlumatına görə, bunu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili bildirib.
Nazir qeyd edib ki, azərbaycanlı həmkarı ilə iki ölkənin reallaşdırdığı strateji layihələri də müzakirə edib: "Son iki ildə Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkədir. Biz bütünlüklə Azərbaycan investisiyasına açığıq. Bu istiqamətdə biz Azərbaycanı tam dəstəkləyirik. Biz həmkarımla ikitərəfli ticarətin təşviqi ilə bağlı işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bundan sonra ölkələrimiz arasında ticarət dövriyyəsi artacaq və biz bunun üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Ölkələrimiz arasında turistik əlaqələr yüksək səviyyədədir".
Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin tikintisinə toxunan baş nazirin müavini deyib ki, Türkiyə ərazisində görülən işlər yaxın gələcəkdə başa çatacaq.