Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon və bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvin ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycanda iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Ş. Mustafayev nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında ölkəmizin mövqeyini qeyd edib, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliyinə görə dünyada 37-ci olduğunu vurğulayıb.
Görüşdə həmçinin, ixraca dəstək mexanizmlərinin xarici iqtisadi əlaqələrin genişləndirilməsində, ixrac imkanlarının artırılmasında mühüm əhəmiyyəti önə çəkilib. Bildirilib ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir və bankla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təsərrüfatı və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə birgə həyata keçirilən bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub, "Abşeron göllərinin bərpası" layihəsi üzrə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır. Ümumilikdə Dünya Bankı ilə birgə 40 layihə icra olunub, 11 layihə üzrə işlər davam etdirilir.
M. Tembon Azərbaycanda aparılan iqtisadi islahatların Dünya Bankı tərəfindən dəstəkləndiyini, ölkə rəhbərliyinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycanın yoxsulluğun azaldılması sahəsində regionda ən yüksək göstəriciyə nail olduğunu vurğulayıb.
Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Naveed Hassan Naqvin Dünya Bankının ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da dəstək göstərəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.