Bakıda Küveytin Milli bayramı qeyd edilib

Bakıda Küveytin Milli bayramı qeyd edilib
# 24 fevral 2016 17:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda Küveyt dövlətinin milli bayramı münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Küveyt dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Rumi, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Küveyt dövlətinin Azərbaycandakı səfiri Səud Əbdüləziz əl-Rumi qeyd edib ki, son illər Küveyt və Azərbaycan arasında əlaqələr nəzərəçarpacaq şəkildə inkişaf edib: “Küveyt və Azərbaycan münasibətlərindəki bu inkişaf böyük zəhmət və səylərin nəticəsində baş verib”. Səfir qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafı sahəsində ən mühüm nailiyyətlərdən biri də hökumətlərarası birgə iqtisadi komissiyanın birinci və ikinci iclaslarının keçirilməsi olub: “Bu yaxınlarda ölkələr arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək böyük nailiyyət əldə edilib. Belə ki, Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında Küveyt vətəndaşlarına sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilməyə başlanıb. Küveyt dövləti Azərbaycan tərəfinin bu addımını yüksək qiymətləndirir.”

Səud Əbdüləziz əl-Rumi, həmçinin, Küveyt dövlətinin Xocalı soyqırımını pislədiyini də bildirib: “Biz milli bayramımızı qeyd etsək də, Azərbaycanlı qardaşlarımızın, uşaq, mülki vətəndaşların qətli ilə nəticələnmiş Xocalı soyqırımının ildönümü ilə bağlı kədərini bölüşür və Küveyt dövləti olaraq mülki vətəndaşları hədəfə alan bu kimi əməlləri pisləyirik.”

Daha sonra çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Küveyt dövlətini milli bayram münasibətilə təbrik edib. Onun sözlərinə görə, ölkələr arasında münasibətlər dostluq və əməkdaşlıq ruhunda inkişaf edir: “Strateji coğrafi yerləşməyə malik olan Azərbaycan və Küveyt öz müstəqilliklərinin qorunub saxlanılması və gücləndirilməsi istiqamətində böyük səylər göstəriblər. Ölkələrimiz arasındakı oxşarlıqlardan biri də hər iki ölkənin zəngin təbii ehtiyatlara malik olmasıdır. Azərbaycan və Küveyt bu ehtiyatların istifadəsinin məqsədləri və vasitələrində də ortaq yanaşmadan çıxış edirlər”. Nazir həmçinin vurğulayıb ki, hər iki ölkə təhsilə böyük sərmayələr yatırır və bunun millətlərinin gələcəyi naminə ən səmərəli yatırım olduğuna inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR