“Bakıelektrikşəbəkə” borclu abonentlərin enerji təchizatını martın 14-də dayandıracaq

“Bakıelektrikşəbəkə” borclu abonentlərin enerji təchizatını martın 14-də dayandıracaq
# 11 mart 2013 15:33 (UTC +04:00)

Bakı – APA-Economics. “Bakıelektrikşəbəkə” ASC abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları istiqamətində yenidənqurma işlərini davam etdirir.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təsdiq olunmuş Tədbirlər Planına əsasən şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Bu məqsədlə yeni yarımstansiyaların tikintisi, mövcud yarımstansiyalarda əsaslı təmir, yenidənqurma işləri, elektrik avadanlıqlarının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, mexanizmlərin saz vəziyyətə gətirilməsi, lazımi miqdarda ehtiyat hissələrinin, mal-materialların, avadanlıqların ehtiyatının yaradılması, elektrik veriliş xətlərinin təmiri və s. kimi tədbirlər yerinə yetirilir.

Görülən işlər nəticəsində şəbəkənin gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Bütün bunlara baxmayaraq, bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı-vaxtında ödəmirlər. “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 14 mart 2013-cü il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlərə müəyyən problemlər yaradacaq.

Bayram və istirahət günlərində abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamaması üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR