ARDNŞ-in vitse-prezidenti: “Bulla-dəniz” qaz yatağında qəzanın aradan qaldırılması daxili qüvvələr hesabına həyata keçirilir” - MÜSAHİBƏ

ARDNŞ-in vitse-prezidenti: “Bulla-dəniz” qaz yatağında qəzanın aradan qaldırılması daxili qüvvələr hesabına həyata keçirilir” - <span style="color: red;">MÜSAHİBƏ
# 20 avqust 2013 13:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. ARDNŞ-in vitse-prezidenti, “Bulla-dəniz” yatağındakı 90 saylı axtarış quyusunda baş vermiş qəzanın aradan qaldırılması üçün yaradılmış komissiyanın sədri Rəhman Qurbanovun “APA-Economics”ə müsahibəsi

- “Bulla-dəniz” yatağında 90 saylı kəşfiyyat quyusunda qaz fontanı nəticəsində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı işlər hansı mərhələdədir? Yanğının söndürülməsi istiqamətində yenilik varmı?

- Dünən şirkətimizin prezidenti Rövnəq Abdullayevin jurnalistlərə açıqlamasında bildirdiyi kimi, yanğının söndürülməsi çətin iş deyil. Biz quyunu xilas etmək istəyirik. Prioritet məsələlər arasında Xəzər dənizinin ekologiyası və orada çalışan əməkdaşların təhlükəsizliyi üçün risklərin minimuma endirilməsi mühüm yer tutur. Xəbər verildiyi kimi, ARDNŞ prezidentinin əmri ilə müvafiq komissiya yaradılıb və onun birinci iclası keçirilib. Qəza baş vermiş obyektdə vəziyyət haqda məlumatlar və bu vəziyyətdən çıxış yolları haqqında komissiya üzvlərinin və dəvət olunan mütəxəssislərin təklifləri diqqətlə dinlənilib və müzakirə olunub. Yaranmış vəziyyətin bütün incəlikləri nəzərə alınıb və dəyərləndirilib. Müzakirələrdən sonra iştirakçıların yekdil rəyinə əsasən, yanğının söndürülməsi işinin ARDNŞ-in Təhlükəsizlik İdarəsinin Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş hissəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının birgə səyləri əsasında həyata keçirilməsi qərara alınıb. Müşavirədə həmçinin mövcud araşdırmalar əsasında qəzanın aradan qaldırılması üzrə ilkin proqram da hazırlanıb, fontanın təcrid edilməsi üçün görüləcək işlər haqqında ətraflı fikir mübadiləsi aparılıb, müvafiq strukturlara konkret tapşırıqlar verilib. Artıq quyuda təcridetmə üzrə hazırlıq işlərinə başlanılıb. İlkin tədbirlər kimi quyuya yaxınlaşmaq və sıradan çıxmış avadanlıqların təmizlənməsi nəzərdə tutulur. Bu işlər görüldükdən sonra biz paralel olaraq quyunun söndürülməsi və onun təcrid olunması işlərinə başlayacağıq. Qeyd edim ki, komissiya öz işini gündəlik iş rejimində davam etdirir. Vəziyyətdən asılı olaraq hər gün üçün konkret tədbirlər müəyyən olunacaq və icra ediləcək.

- Mətbuatda xəbər yayılıb ki, yanğının söndürülməsi işlərində “BP-Azərbaycan” şirkəti də yaxından iştirak edir. Onların bu işdə rolu barədə nə deyə bilərsiniz?

- “BP-Azərbaycan” şirkəti Azərbaycanda fəaliyyət göstərən əsas xarici tərəfdaşlarımızdan biridir. Dövlət Neft Şirkəti ilə uzun illərdir, əməkdaşlıq edir. Bu hadisə baş verəndə bizə müraciət etdilər ki, qəzanın aradan qaldırılması işində onlar da iştirak etməyə hazırdırlar. Biz də Meksika körfəzində BP-nin bu sahədə təcrübə qazandığını nəzərə alaraq, onların təklifini qəbul etdik. Necə deyərlər, bir baş ağıllıdır, iki baş ondan da ağıllıdır. Dünənki müşavirəyə onların da mütəxəssislərini dəvət etdik. Qeyd etdiyim kimi, məlumatlar dinlənildi, təkliflər verildi. BP-nin də mütəxəssislərinin fikir və rəyləri diqqətlə dinlənildi. Aydın oldu ki, onların vəziyyətə yanaşmasında yeni bir şey yoxdur. BP-nin vəziyyətdən çıxmaq üçün təklif etdiyi metodlar ARDNŞ və FHN mütəxəsssislərinə məlum idi. Beləliklə, BP də daxil olmaqla bütün iştirakçıların yekdil rəyinə əsasən, qərar qəbul etdik ki, yanğının söndürülməsi ARDNŞ və FHN-in müvafiq strukturlarının birgə səyləri əsasında həyata keçirilsin. Qeyd edim ki, yanğının söndürülməsinə yardım göstərmək üçün Azərbaycanda fəaliyyət göstərən digər xarici neft şirkətləri də bizə müraciət edib. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, bildirmək istəyirəm ki, ARDNŞ BP-nin və digər xarici tərəfdaşlarımızın bu hadisəyə dərhal reaksiya vermələrini, qəzanın aradan qaldırılması işinə kömək göstərmək təkliflərini yüksək qiymətləndirir və bu şirkətlərin rəhbərliyinə minnətdarlığını bildirir. Onların hamısının fikrinə diqqətlə yanaşır, təkliflərini dəyərləndiririk. Ancaq son nəticədə görürük ki, azərbaycanlı mütəxəssislərin təklifləri real vəziyyəti daha dolğun əks etdirir. Odur ki, bu məsələnin daxili qüvvələr hesabına həll edilməsi variantına üstünlük veririk. Əminəm ki, Azərbaycan mütəxəssisləri bu sınaqdan ləyaqətlə çıxacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR