Azərbaycan alternativ enerji sahəsində Almaniya ilə əməkdaşlıq edəcək

Azərbaycan alternativ enerji sahəsində Almaniya ilə əməkdaşlıq edəcək
# 28 mart 2014 10:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində Bakıda səfərdə olan Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə görüş keçirilib.

Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, Agentliyin Aparat rəhbərinin müavini Cəmil Məlikov bildirib ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının təsdiq edilməsindən sonra ölkədə yeni bir iqtisadiyyat sahəsi yaranıb. Proqramdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə dövlət səviyyəsində ardıcıl və səmərəli tədbirlər həyata keçirilib. «Bu sahənin inkişafını şərtləndirən, xarici sərmayələr üçün də hərtərəfli imkanlar açan qanunvericilik bazası yaradılıb», - deyə C.Məlikov bildirib.

Bundan başqa, tükənməz enerji mənbəyi olan günəş, su, torpaq, külək enerjisindən səmərəli istifadə edilməsi sahəsində görülmüş işlər, eləcə də Avropa Birliyi və Almaniyanın texniki, maliyyə köməyi ilə həyata keçirilən layihələr barədə məlumat verilib.

Nümayəndə heyətinin rəhbəri Hans-Eberhard Şleyer karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə olunması sahəsində əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirib, bu sahədə ölkəsinin təcrübəsindən danışıb.

Görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR