Azərbaycan paytaxtının elektrik şəbəkəsinin elektron xəritəsi hazırlanır

Azərbaycan paytaxtının elektrik şəbəkəsinin elektron xəritəsi hazırlanır
# 10 sentyabr 2013 12:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan paytaxtında hazırda istismar olunan elektrik enerjisi şəbəkələrinin elektron xəritəsinin hazırlanması prosesinə start verilib. «Bakıelektrikşəbəkə» ASC-nin balansında olan yüksək, orta və alçaq gərginlikli elektrik şəbəkələrinin bazası əsasında yeni elektron xəritə hazırlanır.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, elektron xəritədə yarımstansiyalar, kabel və hava xətləri haqqında dəqiq məlumatlar və onların mövcud vəziyyəti əksini tapacaq. Belə ki, hər bir obyektin gücü, yaranma tarixi, istismara yararlılığı, ölçüsü və s. məlumatlar elektron xəritədə qeyd olunacaq. Şəbəkənin mövcud vəziyyəti barədə elektron formada daha öncədən məlumat əldə edilməsi onlara vaxtaşırı qulluq edilməsi və köhnəlmiş avadanlıqların yenisi ilə əvəz olunmasına şərait yaradacaq.

Bütün bu inventarın vahid xəritədə əksini tapması yarana biləcək qəzaların öncədən aradan qaldırılması, veriləcək texniki şərtlər zamanı şəbəkənin vəziyyətinin öyrənilməsi, şəbəkənin müasirləşdirilməsi və beləliklə abonentlərin yüksək keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına xidmət edəcək. Hazırda paytaxtın 6 rayonu elektron xəritəyə qoşulub və ilin sonuna kimi layihənin başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR