Azərbaycanda neft sənayesində ətraf mühit məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda neft sənayesində ətraf mühit məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 12 sentyabr 2013 12:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 4-5-də Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə «Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış» mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu tədbir Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub. Konfransa təşkilati dəstək «Iteca Caspian» şirkəti və IDEA («Ətraf mühit naminə beynəlxalq dialoq») təşkilatı tərəfindən təmin olunur.

Konfransda 200 nəfərdən artıq nümayəndənin iştirakı gözlənilir və onlar arasında müxtəlif ölkələrin dövlət qurumları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər var.

Konfransın proqramına ARDNŞ prezidenti Rövnəq Abdullayev, ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, IDEA təşkilatının təsisçisi Leyla Əliyeva, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, BP şirkətinin vitse-prezidenti Stiv Flin, «Global Counsel» təşkilatının sədri, Avropa Komissiyasının ticarət məsələləri üzrə sabiq komissarı və Böyük Britaniyanın sabiq birinci katibi Lord Mandelson, Azərbaycan Milli Məclisinin sədr müavini, parlamentin Enerji Komitəsinin sədri Valeh Ələsgərov, Britaniya Parlamenti İctimai Palatasının Enerji və iqlim dəyişikliyi Komitəsinin sədri Hon Tim Yeonun çıxışları daxil edilib.

Konfransın məqsədi ekologiya sahəsində mövcud olan məsələlərin təhlili ilə yanaşı, həmin məsələlərin beynəlxalq əməkdaşlıq çərçivəsində həll olunmasına dair aktual təkliflərin işlənib hazırlanmasıdır.

Tədbir çərçivəsində neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, dənizdə neft-qaz hasilatı üzrə əməliyyatların su hövzələrinə təsiri, neft və neft məhsulları ilə çirklənmiş torpaqların bərpası və idarə olunması, neft sənayesi tullantılarının idarə olunması üzrə innovativ yanaşma tərzi, alternativ energetika və neft-qaz əməliyyatlarında enerjidən istifadənin səmərəsi və s. bu kimi mövzulara toxunulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR