Rövnəq Abdullayev: “2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdıracaq”

Rövnəq Abdullayev: “2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdıracaq”
# 19 sentyabr 2014 12:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsində hasilat həcmi təxminən 2 dəfə artırılacaq.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Məqalədə deyilir ki, “Faza-1” üzrə hazırda çıxarılan 9 mlrd. kubmetr qaza, minimum hesablamalara əsasən, daha 16 mlrd. kubmetr qaz hasilatı əlavə olunacaq. Çıxarılacaq əlavə qaz həcmlərinin ildə 10 mlrd. kubmetri Avropa ölkələrinə, 6 mlrd. kubmetri isə Türkiyəyə tədarük ediləcək”.

R. Abdullayev bildirib ki, ilk qazın 2018-ci ildə Türkiyəyə çatdırılması planlaşdırılır: “Artıq “Faza-2” üzrə mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə başlıca müqavilələr imzalanıb, ilkin, hətta bəzi istehsalat sahələrində əsas işlərə start verilib. Bu nəhəng layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyalarının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 3 500 km uzunluğunda boru kəmərləri sistemi qurulacaq”.

ARDNŞ prezidenti qeyd edib ki, əgər infrastrukturun layihələndirilməsində yalnız bugünkü reallığa qapanıb qalsan, yaxın gələcəkdə hasilatın artımı ilə əlaqədar əlavə texniki problemlərlə qarşılaşa bilərik: “"Cənub" qaz dəhlizi üzrə planlar yalnız "Şahdəniz-2" ilə kifayətlənmir. Bu layihə gələcək perspektivlər zəncirində əsas, amma yalnız ilk halqanı təşkil edir. Mövcud imkanları nəzərə almamaq, "ikinci qaz dalğası"nı proqnozlaşdırmamaq mümkün deyil. İnamla söyləyə bilərik ki, 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdırılması tamamilə realdır. Bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR