Azərbaycanda Ukraynanın «Naş moloçnik» yağının satışına qadağa qoyulub

Azərbaycanda Ukraynanın «Naş moloçnik» yağının satışına qadağa qoyulub
# 21 yanvar 2010 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə ticarət dövriyyəsində olan yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı apardığı nəzarət tədbirləri zamanı keyfiyyətsiz yağ aşkar olunub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, yağlardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı Ukraynanın «Starakonstantinovskiy Moloçnıy Zavod» müəssisəsinin istehsalı olan 200 qramlıq kağız qutulara qablaşdırılmış «Naş moloçnik» əmtəə nişanlı kərə yağının mikrobioloji göstəricilərinin normalara uyğun olmadığı müəyyən edilib.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən bu növ yağın satışının dayandırılması barədə idxalçı «Avrora» firmasına müvafiq göstəriş verilib və firmanın Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17-ci Dağüstü küçəsi, 13 ünvanında yerləşən anbarında «Naş moloçnik» əmtəə nişanlı kərə yağından nümunə götürülərək laborator müayinəyə göndərilib.

Bu nümunənin laborator müayinəsi zamanı onun insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən olunub. Belə ki, 200 qramlıq kağız qutulara qablaşdırılmış «Naş moloçnik» əmtəə nişanlı kərə yağının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar aşkar olunub və ümumi mikrobların sayının normadan bir neçə dəfə çox olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən «Avrora» firmasının anbarında olan 696,6 kq yağın məhv edilməsi barədə qərar qəbul edilib və 200 qramlıq kağız qutulara qablaşdırılmış «Naş moloçnik» kərə yağının dövriyyədən çıxarılması üçün təcili tədbirlər görülməsi barədə firmaya göstəriş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR