Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi son bir ildə 2 dəfə artıb

Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi son bir ildə 2 dəfə artıb
# 09 aprel 2010 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə Beyləqan rayonunda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbir keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 400-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək, hazırda ölkədə özəl bölmənin inkişafına böyük diqqət və qayğının göstərildiyini və «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın uğurlu icrasında sahibkarların fəal iştirak etdiyini bildiriblər.

Öz növbəsində, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların maarifləndirilməsinin vacibliyini vurğulayıb, bu sahədə görülən işlər, eləcə də həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

SKMF-ın icraçı direktoru Şirzad Abdullayev isə Fondun fəaliyyəti, güzəştli kreditlərdən istifadə mexanizmi barədə məlumat verib. SKMF-ın vəsaitlərinin daha səmərəli yerləşdirilməsində yeni yanaşmaların tətbiq olunduğunu qeyd edən Ş.Abdullayev bu istiqamətdə tədbirlərin 2010-cu ildə də davam etdirildiyini vurğulayıb. O, həmçinin bildirib ki, artıq uşaq qidası istehsalının təşkili, südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin, eləcə də müasir standartla cavab verən kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulu başa çatıb və investisiya təklifləri araşdırıldıqdan sonra aprelin 15-də güzəştli qaydada maliyyələşdiriləcək layihələr elan olunacaq.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkara 530 min manatdan artıq güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 80-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, 2010-cu ilin ötən dövrü ərzində sahibkarlara 20 mln. manata yaxın güzəştli kreditlər verilib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR