Azərbaycanda «Cəlilabad-Şərab» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Azərbaycanda «Cəlilabad-Şərab» ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib
# 26 aprel 2010 08:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) «Cəlilabad-Şərab» ASC-nin səhmlərinin 99,97%-nin (85% + səhmlərin əmək kollektivi üzvlərinə güzəştli satışından qalan 14,97%-lik hissəsi) satışı üzrə investisiya müsabiqəsi elan edib.

ƏMDK-dən «APA-Economics»ə verilən məlumata görə, müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Cəlilabad rayonu, Cəlilabad-Bakı şosesinin 2-ci km-də yerləşən səhmdar cəmiyyətinin əsas fəaliyyət növü üzümün ilkin emalı və şərab istehsalıdır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 3 062 804,4 manat, buraxılmış səhmləri 765 701 ədəd, səhmlərinin növü sənədsiz adlı, bir səhmin nominal dəyəri 4 manatdır. İnvestisiya müsabiqəsində satışa ümumi nominal dəyəri 3 061 908 manat təşkil edən 765 477 səhm çıxarılıb. Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı və qeyri-maddi aktivləri yoxdur. Ekoloji vəziyyəti qənaətbəxş qiymətləndirilən müəssisədə 11 nəfər çalışır.

Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 472 973 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan borcları 30 249 manat, mal, iş və xidmətlərə görə borcları 300 909 manatdır. Müəssisənin debitor borcları isə 28 710 manat təşkil edir.

İddiaçılar İnvestisiya Proqramı ilə yanaşı, dövlət büdcəsinə ödəniləcək 550 min manat pul vəsaitinə dair təklif, həmçinin silinmək üçün ƏMDK-ə təqdim olunacaq dövlət özəlləşdirmə çeklərinin sayına dair təklif (20 min ədəd özəlləşdirmə çekindən az olmamaq şərtilə) verməlidir. Xarici investorlar isə təklif edəcəkləri dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq dövlət özəlləşdirmə opsionları da təqdim etməlidirlər.

İddiaçıların ərizə və təkliflərinin qəbulu may ayının 24-dək ƏMDK-in inzibati binasında (Bakı şəhəri, Y. Səfərov küçəsi, 20. Otaq 810, tel.: 490 24 08 (əlavə 242)) aparılacaq. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi isə mayın 26-da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR