Sabah Azərbaycanda beynəlxalq qida sənayesi sərgisi başlayır

Sabah Azərbaycanda beynəlxalq qida sənayesi sərgisi başlayır
# 18 may 2010 10:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün sərgi təşkilatçıları mətbuat konfransı keçirib. Tədbirdə «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov, şirkətin reklam üzrə meneceri Mehriban Baxşıyeva, sərginin menecerləri Dərya Cəfərli və Maya Qafarlı KİV nümayəndələrinin suallarını cavablandırıblar.

F.Məmmədovun sözlərinə görə, üç gün davam edəcək sərgiyə qatılacaq şirkətlərin 60%-i yerli şirkətlərdir, halbuki öncəki illərdə bu göstərici adətən 10% olub. Bu isə yerli qida sənayesinin inkişafının göstəricisidir.

Bu il «WorldFood Azerbaijan» sərgisində Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan, İran, BƏƏ, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən 120-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Sərgidə iştirak edəcək yerli «CPC», «Gilan», həmçinin «PIM» (Bolqarıstan), «Roqaçevski Süd Kombinatı» (Belarus), «Platenhardt+Wirth GmbH.» (Almaniya), «ABP» və «Akmaya» (Türkiyə) və s. şirkətlər «Badamlı», «Beta», «Jalə», «John Deere», «PalSüd» və digər məşhur ticarət nişanlarını təqdim edəcək.

D.Cəfərlinin sözlərinə görə, «WorldFood Azerbaijan» sərgisi sənaye mütəxəssisləri üçün peşəkar platforma rolunu oynayır. Sərgidə yeni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, qida məhsulları bazarının yenilikləri və inkişaf tendensiyaları barədə ətraflı məlumat almaq imkanı təqdim edilir.

«WorldFood Azerbaijan 2010» sərgisi bir neçə tematik ekspozisiyalara bölünərək qida sənayesinin demək olar ki, bütün istiqamətlərini əhatə edir. «WorldFood Drink» bölümündə geniş çeşiddə içkilər, «SeaFood» bölümündə isə dəniz məhsulları, onların saxlanılması və daşınması ilə əlaqədar olan bütün növ xidmətlər təqdim olunacaq. «FoodPack» bölümünün stendlərində isə geniş çeşiddə Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan qablaşdırma avadanlıqları təqdim olunacaq. «WorldFoodTech» bölümündə qida sənayesinin müxtəlif istiqamətləri, o cümlədən supermarketlər, laboratoriya analizləri üçün avadanlıqlar nümayiş etdiriləcək.

Qeyd etmək lazımdır ki, bu il istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş mini zavodlar kimi ilkin istehsal avadanlıqlarına həsr edilmiş ekspozisiyaların sayı çox olacaq. Sərgidə ət və quş məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, baqqaliyyə malları, meyvə və tərəvəzlər, uşaq və pəhriz qidaları, tütün məmulatları və digər ənənəvi bölmələr təqdim olunacaq.

Bu il Qafqaz regionunda ilk dəfə olaraq «WorldFood Azerbaijan» sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrin «halal» ərzaq məhsulları istehsalçılarını bir araya gətirəcək «HalalFood Azerbaijan» sərgisi keçiriləcək. Bu gün qida sənayesinin bu sektoru ən sürətlə inkişaf edən sektorlardan biridir və 2008-ci ilin statistik göstəricilərinə əsasən, bütün dünyada halal ərzaq məhsulları bazarı 580 mlrd. dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR