Azərbaycanın «Avto» şirkətinin dondurmaları satışdan çıxarılır

Azərbaycanın «Avto» şirkətinin dondurmaları satışdan çıxarılır
# 18 iyun 2010 15:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti «Avto» müəssisəsinin sənədsiz şəkildə dondurma istehsal etdiyini müəyyənləşdirib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, müəssisədə aparılan yoxlamalar zamanı burada istehsal edilən «Eskimo» və «Plombir» dondurmalarının üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal olunan dondurmaların uyğunluq sertifikatının olmadığı aşkarlanıb. Bununla əlaqədar, müəssisənin anbarında olan 265 kq hazır məhsulun satışı dayandırılıb. Həmin məhsulların ticarət şəbəkəsindən yığılması barədə müəssisəyə göstəriş verilib.

Bundan başqa, müəssisənin anbarında üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 159 kq bükmə materialı istifadədən çıxarılaraq Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb. Eyni zamanda, müəssisənin anbarında olan hazır məhsuldan nümunə götürülərək laborator müayinəyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR