Şirvanda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib

Şirvanda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib
# 27 oktyabr 2010 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şirvanda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyi iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Nəsimi İsmayılov, regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi İdris Alışov çıxış edərək hazırda ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində regionlarda müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin və iş yerlərinin yaradıldığını qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində Mərkəzin gördüyü işlər barədə məlumat verib və qeyd edib ki, Bakı Biznes Tədris Mərkəzi tərəfindən indiyədək 85 maarifləndirmə tədbirləri keçirilib, həmin tədbirlərdə 5 minə yaxın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər iştirak edib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev «Biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması», Bakı Biznes Tədris Mərkəzi Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov isə «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda təqdimatlarla çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR