Gələn həftə Dubayda şopinq festivalı başlayır

Gələn həftə Dubayda şopinq festivalı başlayır
# 13 yanvar 2011 09:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Dubay qeyri-rəsmi olaraq dünyanın ticarət paytaxtı adını daşıyır və bu şəhərdə hər il şopinq festivalı keçirilir. Ümumiyyətlə, hər il Dubayda yeni iri ticarət mərkəzləri inşa olunur ki, burada müştərilər geyim, zinət əşyaları, parfümeriya və kosmetika, oyuncaq, məişət texnikası ala bilər, eyni zamanda ticarət mərkəzlərindəki kinoteatr, attraksionlar, idman meydançaları, akvarium, şəlalə və digər əyləncə məkanlarını ziyarət edə bilərlər.

Sözügedən festival çərçivəsində tanınmış dünya brendli butiklər müştərilərə bütün mallara 5-50% qiymət endirimi təklif edəcək.

Builki festival fevralın 20-dək davam edəcək. Dubayın ticarət mərkəzlərini ziyarət edən müştərilər bu il nəinki xərclədiyi pulların bir hissəsini geri ala biləcək («tax-free»), həmçinin onlara müxtəlif hədiyyələr də təqdim ediləcək. Bir çox ticarət mərkəzlərinə hottellərdən pulsuz avtobuslar təşkil olunacaq.

Qeyd edək ki, Bakı-Dubay-Bakı marşrutu ilə aviareysləri «Azərbaycan Hava Yolları» (AZAL) və «Flydubai» şirkətləri yerinə yetirir. Sözügedən marşrutla AZAL uçuşları həftənin hər günü, gündə iki dəfə (saat 10:05-də və 21:30-da) yerinə yetirir. Hər iki istiqamətdə bir aviabiletin qiyməti 195-293 manat civarındadır.

«Flydubai» aviaşirkəti isə Bakı-Dubay marşrutu üzrə uçuşları hər həftənin II, V və VII günləri saat 21:50-də yerinə yetirir. Hər iki istiqamətdə bir aviabiletin qiyməti 191 manatdan başlayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR