Bakıda 8 tona yaxın keyfiyyətsiz süd məhsulları məhv edilib

Bakıda 8 tona yaxın keyfiyyətsiz süd məhsulları məhv edilib
# 18 yanvar 2011 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süd məhsullarının istehsalı və satışının qanunauyğunluğunun yoxlanılması məqsədilə monitorinqlərini davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, 5 ünvanında Adil Dörtyol Mustafa oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən ayranın, dovğanın və yağlılığı 20% olan xamanın üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, həmin məhsulların müvafiq reseptura olmadan istehsal edildiyi, habelə qatığın uyğunluq, kəsmiyin isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi müəyyənləşdirilib.

Bundan başqa, yoxlama zamanı müəssisədə pendirin yetişmə və saxlama müddətini müəyyən edən texnoloji sənəd və ya reseptura olmadan istehsal edildiyi, istehsal edilmiş pendirlərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi, həmçinin istehsal olunan pendirlərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin laboratoriyada yoxlanılmadan satıldığı müəyyən edilib.

Gigiyenik və uyğunluq sertifikatları, həmçinin reseptura olmadan istehsal edilmiş 1,6 ton süd məhsulları Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar süd məhsullarının istehsalının dayandırılması, habelə müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış süd məhsullarının geri yığılması barədə Dövlət Xidməti tərəfindən Adil Dörtyol Mustafa oğluna icrası məcburi göstəriş verilib.

Həmçinin Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ev 1 ünvanında Selman İbrahim Ali İhsan oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı «Selman» adlı pendirin yetişmə və saxlama müddətini müəyyən edən texnoloji sənəd və ya müvafiq reseptura olmadan istehsal edildiyi, istehsal olunmuş pendirlərin üzərində yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan bir il göstərildiyi, habelə istehsal olunan pendirlərin keyfiyyət və təhlükəsizlik göstəricilərinin laboratoriyada yoxlanılmadan satıldığı müəyyən edilib.

Müvafiq reseptura olmadan istehsal edilmiş 6,3 ton pendir Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar, pendir istehsalının dayandırılması, müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış pendirlərin geri yığılması barədə Dövlət Xidməti tərəfindən Selman İbrahim Ali İhsan oğluna icrası məcburi göstəriş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR