Son 2 ildə Azərbaycanda güzəştli kreditlər hesabına 112 investisiya layihəsi maliyyələşdirilib

Son 2 ildə Azərbaycanda güzəştli kreditlər hesabına 112 investisiya layihəsi maliyyələşdirilib
# 21 yanvar 2011 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. B ugün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda 2011-ci ildə ilk tədbirini Lənkəran şəhərində keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 300-dək sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev hazırda ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirildiyini, davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına nail olunduğunu bildirib, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov isə çıxışında məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Lənkəran iqtisadi rayonunda görülmüş və 2011-ci ildə görüləcək işlər barədə məlumat verib.

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Fondun 2010-cu ildə Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Lənkəran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verib. Ş.Abdullayev son 2 ildə Fondun güzəştli kreditləri hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan 112 investisiya layihəsinin maliyyələşdirildiyini, artıq onların 56-nın başa çatdırıldığını qeyd edib, 2011-ci ildə SKMF-ın güzəştli kreditlərinin yönəldiləcəyi sahələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir çərçivəsində həmçinin, sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti, Fondun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, sahibkarlara metodiki materiallar paylanıb.

Tədbirdə Lənkəran rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələrinin - illik istehsal gücü 2 min ton olan və müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq və intensiv (sitrus və subtropik meyvəçilik) bağçılıq təsərrüfatlarının yaradılması üzrə layihələrin təqdimatı da keçirilib.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 25 sahibkarlıq subyektinə 263 min manat güzəştli kredit vəsaiti verilib. Bu vəsaitlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, 2010-cu ildə 37 anoloji tədbir keçirilib, bu tədbirlərdə iştirak etmiş 9 400-dən çox sahibkar üçün maarifləndirici treninqlər təşkil edilib, sahibkarlıq subyektlərinin 1 430 investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 115 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlər regionlarda həyata keçirilən layihələrin icrasına yönəldilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR