Aran iqtisadi rayonunun sahibkarlarına 1,8 mln. manat məbləğində güzəştli kredit verib

Aran iqtisadi rayonunun sahibkarlarına 1,8 mln. manat məbləğində güzəştli kredit verib
# 28 yanvar 2011 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunda «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkarın iştirak edib. Tədbirdə sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilib, həmçinin müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə məlumat verilib.

Tədbirdə həmçinin Bərdə rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan meyvə, tərəvəz və digər ərzaq məhsullarının saxlanılması üçün müasir soyuducu anbar kompleksinin (ümumi tutumu 5 min ton) və yeni texnologiyaların tətbiqi ilə müasir ət kəsimi və emalı müəssisələrinin (ümumi tutumu 5 min ton) yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, regionların potensialından səmərəli istifadə edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru ölkə iqtisadiyyatının prioritet sahəsinə çevrildiyini, yerli məhsulların rəqabət qabiliyyətinin artmasını bildirib.

Öz növbəsində SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2010-cu ildə sahibkarlara əsas hissəsi güzəştli kreditlər hesabına olmaqla regionlarda müxtəlif istehsalat təyinatlı 56 yeni müəssisə istifadəyə verilib: «Ötən il Fond tərəfindən demək olar ki, 100%-i regionlarda olmaqla sahibkarların 1 430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 mln. manat həcmində güzəştli kreditlər ayrılıb. Bu il isə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə Fond tərəfindən 125 mln. manat güzəştli kreditin ayrılması nəzərdə tutulur».

Daha sonra müvəkkil kredit təşkilatları vasitəsilə Bərdə və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 1,791 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 130-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR