Ötən il Azərbaycanda 297 tondan artıq ərzaq və 145 tondan çox qeyri-ərzaq məhsulları məhv edilib

Ötən il Azərbaycanda 297 tondan artıq ərzaq və 145 tondan çox qeyri-ərzaq məhsulları məhv edilib
# 28 yanvar 2011 13:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Şəmkir rayonunda «İstehlakçı hüquqlarının qorunması: reallıqlar-perspektivlər» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Şəmkir Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və Şəmkir rayonundan olan 200-ə yaxın istehlakçı iştirak edib.

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev hazırda ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrildiyini, çoxsaylı infrastruktur layihələrinin uğurla həyata keçirildiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını və yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib və qeyd edib ki, nəticədə insanların müxtəlif mallara və xidmətlərə olan tələbatı artıb, istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıblar.

Z.İsayev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, həyata keçirilən maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyətini vurğulayıb: «Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 9 adda 130 mindən çox, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9 500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir».

Dövlət Xidmətinin rəisi onu da qeyd edib ki, ötən il ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1 350,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb: «Bu məhsulların 297,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 615,7 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 372,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 2,5 tonu heyvanların yemlənməsinə yönəldilib, 31,9 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir».

Bununla yanaşı, Z.İsayev bildirib ki, 2010-cu ildə qeyd edilən səbəblərdən 444,2 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 145,3 tonu məhv edilib, 227,7 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 71,2 tonu ilə bağlı araşdırmalar aparılır.

«Ötən il ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1 740 qərar qəbul olunmuş və inzibati xətaya yol vermiş şəxslər 2,349 mln. manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə 45 təsərrüfat subyektinə 183,7 min manat maliyyə sanksiyası tətbiq edilib», - deyə Z.İsayev bildirib.

Qeyd edək ki, konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli?», «Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın» mövzularında məruzələrlə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR