Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı növbəti tədbir keçirilib

Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı növbəti tədbir keçirilib
# 12 aprel 2011 12:24 (UTC +04:00)
Bakı - APA-Economics. Bakı Biznes Tədris Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə Azərbaycan Korporativ İdarəetmə Standartları ilə bağlı sayca 4-cü tədbir keçirilib.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Ticarət və Sənaye Palatasının nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd sahibkarların korporativ idarəetmə ilə bağlı maarifləndirilməsi, korporativ idarəetmənin iş adamlarının fəaliyyətinə müsbət təsiri barədə məlumat verməkdir.

Korporativ İdarəetmə Standartlarının təqdimatı ilə çıxış edən İİN-in Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə bu standartların tətbiqinin sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin tərkib hissəsi olduğunu bildirib, şirkətlərin səmərəli, daha şəffaf idarə olunması üçün optimal fəaliyyətin təşkilinə yardım edəcəyini vurğulayıb. Bildirilib ki, standartların tətbiqi həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması üçün şərait yaradacaq, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsində yardımçı olacaq, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına şərait yaradacaq.

Azərbaycan Korporativ İdarəetmə Standartları İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupu tərəfindən hazırlanıb. Sənədin hazırlanması prosesində İİN aidiyyəti dövlət qurumları ilə yanaşı, Beynəlxalq Maliyyə Korporasiyası ilə sıx əməkdaşlıq edib. Standartlarda korporativ idarəetmənin mahiyyəti, onun şirkətlərin səmərəli idarə olunmasında, şirkətlərə investisiya qoyuluşunun artırılmasında rolu, həmçinin səhmdarların Ümumi Yığıncağının təşkili, səhmdarların hüquqları, risklərin idarəedilməsi və s. əksini tapıb. Anar Hacızadə qeyd edib ki, standartlarla bağlı sahibkarların maarifləndirilməsi üçün bir sıra tədbirlər təşkil edilib, eləcə də müxtəlif tədbirlərdə standartların təqdimatı keçirilmiş, standartlar çap formatında sahibkarlara paylanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR