Kubada vətəndaşların daşınmaz əmlak alıb-satmasına icazə verilib

Kubada vətəndaşların daşınmaz əmlak alıb-satmasına icazə verilib
# 19 aprel 2011 08:31 (UTC +04:00)
Bakı - APA-Economics. Kuba Kommunist Partiyasının VI qurultayının nümayəndələri ölkə vətəndaşlarına daşınmaz əmlak alıb-satmaq icazəsi verib.

APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, daşınmaz əmlakın alqı-satqısının necə həyata keçiriləcəyi haqda məlumat verilmir.

Bununla belə, Kuba lideri Raul Kastro xəbərdarlıq edib ki, hökumət daşınmaz əmlakın eyni əllərdə cəmləşməsinə imkan verməyəcək.

Qeyd edək ki, Kubada daşınmaz əmlaka özəl mülkiyyət 1959-cu il inqilabından sonra qadağan edilib. O vaxtdan bəri kubalılar evlərini yalnız irsən övladlarına ötürə və ya dəyişdirə bilərdilər. amma mübadilə sistemi çox mürəkkəb idi.

Ümumilikdə Kuba Kommunist Partiyasının VI qurultayının nümayəndələri 300 bənddən ibarət iqtisadi islahatlar paketinə səs verməlidirlər. Təklif olunan tədbirlər sırasında dövlət sektorunda 1 mln. iş yerinin ixtisar olunması, kənd təsərrüfatı sektorunun desentralizasiyası da var.

Son 14 ildə ilk dəfə keçirilən qurultay aprelin 16-da işə başlayıb. Qurultayın açılış günündə çıxış edən Raul Kastro sensasion təkliflə çıxış edib. O, yüksək vəzifəli şəxslərin hakimiyyətdə olma müddətinin 10 illə məhdudlaşdırılmasını təklif edib. Kuba inqilabının rəhbəri Fidel Kastro rəsmi “Granma” qəzetində çap olunan köşə yazısında bu qərarı alqışlayıb. O, gənc nəslin indiki liderlərin ölümündən sonra da kommunist quruluşuna sadiq qalacağına inandığını bildirib.

Qeyd edək ki, 2006-cı ildən ölkəyə rəhbərlik etməyən Fidel Kastro hələ də Kuba Kommunist Partiyasının sədridir. Qurultayda onun sədrlikdən rəsmən azad olunacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR