Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 22 aprel 2011 12:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2011-ci ilin I rübünün yekunları ilə bağlı geniş kollegiya iclası keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, iclasda I rüb ərzində görülən işlərlə yanaşı, 2011-ci il yanvar ayının 27-də prezident İlham Əliyevin tapşırığı ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə edilib.

İclasda çıxış edən ƏMDK sədri Kərəm Həsənov qeyd edib ki, komitənin fəaliyyətində, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində vətəndaşların hüquqlarının təmin olunması, şəffaflığın artırılmasına xüsusi diqqət verilib. Belə ki, əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsi, sənədlərin sayının azaldılması və bununla bağlı vətəndaşların müraciətlərinin baxılmasında operativlik artırılıb.

Komitəyə daxil olan ərizə və şikayətlərin, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərin səmərəli araşdırılması üçün komissiya yaradılıb, komitənin 193 və 148 nömrəli qaynar xətlərinin fəaliyyəti təkmilləşdirilib. Rüb ərzində qaynar xətlərə əksəriyyəti sorğu xarakterli 800-ə yaxın müraciət daxil olub. İctimai məlumatlandırma və maarifləndirmə işinin daha da gücləndirilməsi üçün “Daşınmaz Əmlak Aylıq İnformasiya Bülleteni” və komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzeti nəşr olunur. 2011-ci ilin birinci rübündə komitənin rəsmi internet səhifəsi vasitəsi ilə vətəndaşlardan 200-ə yaxın müraciət daxil olub və cavablandırılmaq üçün lazımi bölmələrə göndərilib.

Tədbirdə bildirilib ki, I rübdə dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə ümumilikdə 36,6 mln. manata yaxın vəsait ödənilib. Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət məqsədilə keçirilən monitorinqlərdə 100-ə yaxın müəssisə və obyektdə zəbt olunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib və belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görülüb. 2011-ci ilin birinci rübündə respublika üzrə 28 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, 26 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb.

Birinci rübdə Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə dair Azərbaycan Respublikası ilə Dünya Bankı arasında Kredit Sazişinin icrası ilə bağlı müvafiq işlər görülüb, o cümlədən, daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin təkmilləşdirilməsi davam etdirilib. Eləcə də, Bakı şəhərinin rayonlarının ünvan reyestrinin tərtibi və ünvan xəritələrinin hazırlanması istiqamətində tədbirlər görülüb.

İclasda komitə sədri K.Həsənov şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların və sənədləşdirilmələrin nəzarətdə saxlanılması, lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməməsi, qeydiyyatla bağlı müraciətlərə vaxtında baxılması, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının nəzarətdə saxlanılması tapşırılıb. Eləcə də ünvan reyestrinin aparılması işlərinin genişləndirilməsi, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyi bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR