Azərbaycan əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair Koreya ilə müqavilə imzalayıb

Azərbaycan əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair Koreya ilə müqavilə imzalayıb
# 03 may 2011 10:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) arasında «Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması» qrant layihəsi üzrə müzakirə protokolu imzalanıb.

«APA-Economics»in məlumatına görə, sənədi Azərbaycan tərəfindən SMPDK-nin sədri Ramiz Həsənov, Koreya tərəfindən isə KOICA-nın Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Yonq-vu Kim imzalayıblar.

Tədbirdə R.Həsənov layihənin iki il davam edəcəyini bildirib: «Layihənin həyata keçirilməsində əsas məqsəd ictimaiyyətə daha yaxşı xidmət göstərilməsi üçün Dövlət Komitəsi tərəfindən əqli mülkiyyət hüquqlarının idarə olunması sisteminin səmərəliliyini və məhsuldarlığını yaxşılaşdırmaq, həmçinin Azərbaycanda əqli mülkiyyət hüquqi sisteminin davamlılığını təmin etməkdir».

R.Həsənov qeyd edib ki, layihə çərçivəsində mütəxəssislərin hazırlanması, zəruri texnologiyalar, bilik və bacarıqların maraqlı tərəflərə ötürülməsini təmin etmək məqsədi ilə Komitənin nəzdində təlim mərkəzinin yaradılması da nəzərdə tutulub.

Y.Kim isə bildirib ki, layihə çərçivəsində SMPDK-nin əqli mülkiyyət hüquqları üzrə inzibati işlərinin avtomatlaşdırılması üçün kompyuterləşdirilmiş sistemin yaradılması və ictimaiyyət üçün Rəqəmsal Əqli Mülkiyyət Hüquqları Kitabxanası da yaradılacaq.

Qeyd edək ki, əqli mülkiyyət hüquqlarının idarə olunması sisteminin hazırlanması təşəbbüsü Azərbaycanın e-hökumət prosesinə keçidi çərçivəsində SMPDK tərəfindən KOICA-ya müraciəti əsasında yaranıb. Bu sahədə Komitə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə də sıx əməkdaşlıq edir. Təşkilatın tövsiyələrinə uyğun olaraq bu sahədə Koreya Əqli Mülkiyyət Ofisi (KIPO) ilə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq Komitə ilə KIPO arasında əməkdaşlıq çərçivəsində, KOICA-nın dəstəyi və ÜƏMT-in iştirakı ilə Azərbaycanda mövcud əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR